kerim

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş baş prokuroru Kərim Xanın ekstradisiyasını tələb edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kərim Xan vəzifəsindən uzaqlaşdırıldıqdan sonra artıq Roma Statutuna üzv dövlətlərdə beynəlxalq vəzifəli şəxs kimi immunitetdən istifadə edə bilməyəcək.

“Ümid edirik ki, bu, onun Rusiyaya təhvil verilməsinə və bilərəkdən təqsirsiz şəxslərin cinayət təqibinə cəhd, eləcə də beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı qəsd ittihamları ilə məsuliyyətə cəlb olunmasına kömək edəcək”, – deyə Rusiya XİN bəyan edib.

Nazirlik xatırladıb ki, Roma Statutuna üzv dövlətlərin Assambleyası təxminən iki il davam edən araşdırmadan sonra Kərim Xanı vəzifəsindən uzaqlaşdırıb.

Buna səbəb onun barəsində keçmiş əməkdaş tərəfindən irəli sürülən cinsi qısnama ittihamları olub.

Rusiya tərəfinin məlumatına görə, BCM-yə üzv olan 125 dövlətdən 82-si onun vəzifədən kənarlaşdırılmasını dəstəkləyib.

Rusiya XİN həmçinin bildirib ki, keçmiş prokurorun istefası “batmaqda olan gəmini” xilas edə bilməyəcək.

Nazirlik qeyd edib ki, Burkina-Faso, Mali və Nigerdən sonra Venesuela da Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyətini açıqlayıb.

Xatırladaq ki, Roma Statutuna üzv dövlətlərin Assambleyasının sədri Payvi Kokuranta iyulun 24-də Kərim Xanın cinsi qısnama ittihamları ilə əlaqədar vəzifəsindən uzaqlaşdırıldığını elan edib.

Məhz Kərim Xan 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı orderin verilməsi üçün müraciət etmişdi. Daha sonra Moskva Şəhər Məhkəməsi onu qiyabi qaydada 15 il azadlıqdan məhrum edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: