“Rusiya Ukraynada işğalçı müharibəyə görə sərt sanksiyalardan əziyyət çəkir. Rusiyalı rəsmilər bu faktı etiraf etməsələr də, iqtisadiyyatda ciddi problemlər mövcuddur. Bu ölkənin bilgisayarlara, telefonlara və digər texniki avadanlıqlara ehtiyacı var. Rusiyada bunların istehsalı yoxdur, Qərb ölkələrindən isə ala bilmir”.
Globalinfo.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya lazımi avadanlıqları Çindən almağa çalışır:
“Rusiyanın əvvəlki illərdə Çindən aldığı texniki avadanlıqların 2 faizi keyfiyyətsiz idisə, Ukraynada işğalçı müharibə başladıqdan sonra bu rəqəm 40 faizə qalxıb. Çünki Rusiyanın Çindən aldığı texniki avadanlıqların həcmi artıb. Digər tərəfdən, texniki avadanlıqların çatdırılmasında logistik problemlər mövcuddur. Rusiya şirkətləri texniki avadanlıqları birbaşa müəssisələrdən deyil, vasitəçilərdən alırlar. Bu səbəbdən texniki avadanlıqların keyfiyyətini yoxlamaq çətinləşir. İqtisadçılar Rusiyada keyfiyyətli texniki məhsulların qiymətlərinin bundan sonra da artacağını proqnozlaşdırırlar.
Rusiya üzləşdiyi sanksiyalara görə, 162 böyük layihədə istifadə edilən idxal məhsullarından imtina edib. Həmin məhsullar ya Çindən alınır, ya da Rusiyanın özündə istehsal edilir. Ancaq hər iki halda məhsulun keyfiyyətində ciddi problemlər var. Rusiyanın kimya sənayesində də ciddi problemlər mövcuddur”.
Ekspertin sözlərinə görə, Rusiyanın Çinin siyasəti ilə bağlı şikayətləri artıb:
“Kremlin dost dövlətlərdən gözləntisi budur ki, həmin ölkələr Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləsin. Ancaq bu, mümkün deyil. Rusiyanın dostları və tərəfdaşları da anlayırlar ki, bu, işğalçı müharibədir”.
Turan Rzayev
Globalinfo.az