moskva baki scaled 1 900x580 2

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya növbəti pilotsuz uçuş aparatları ilə hücumu zamanı SOCAR-ın bu ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən biri də zərər görüb. Bu, Azərbaycanın dövlət şirkətinə məxsus obyektlərin hədəfə alındığı ilk hadisə deyil. Baş verənlər fonunda Azərbaycanın bu məsələyə hansı siyasi və diplomatik reaksiyanı verəcəyi, eləcə də beynəlxalq hüquq müstəvisində hansı addımların atıla biləcəyi müzakirə olunur.

SOCAR-ın Ukraynadakı obyektlərinə təkrar hücumlar fonunda Azərbaycan hansı diplomatik, hüquqi və ya siyasi addımları ata bilər? Bu cür hadisələr iki ölkə arasındakı münasibətlərə və Azərbaycanın xarici siyasətinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Azərbaycanın aid olduğu bəzi infrastruktur obyektləri də zərbələrə məruz qalıb:

“Qeyd etmək lazımdır ki, hazırda həm Ukrayna Rusiyanın əsasən yanacaq və enerji infrastrukturlarına zərbələr endirir, həm də Rusiya Ukraynada eyni istiqamətdə – enerji, istilik və yanacaq infrastrukturlarını hədəfə alır. Ancaq müşahidə olunan bəzi hallarda Rusiyanın həyata keçirdiyi zərbələrin hərbi baxımdan səmərəliliyi sual doğurur. Çünki bəzi hücumlar neft emalı zavodları və ya qaz kompressor stansiyalarına deyil, yanacaqdoldurma məntəqələrinə yönəlir. Bu cür obyektlərə zərbələr isə ilk növbədə mülki əhalinin gündəlik həyatına təsir göstərir. Təəssüf ki, bu müharibənin nəticələrindən Azərbaycan vətəndaşları da zərər görür. Məsələn, bu yaxınlarda Azov dənizində baş vermiş hadisə zamanı vurulan gəmidə çalışan Azərbaycan vətəndaşları həlak olmuşdular. İndi isə Azərbaycana məxsus infrastruktur obyektlərinin zərər görməsi ilə bağlı məlumatlar yayılır”.

Ferhad Memmedov

Fərhad Məmmədov

Politoloq onu da bildirib ki, müharibənin əvvəlində Azərbaycan tərəfi diplomatik kanallar vasitəsilə Rusiyaya ölkəmizə məxsus infrastruktur obyektlərinin koordinatlarını təqdim etmişdi ki, onların hədəfə alınmaması təmin olunsun:

“Lakin görünür ki, buna baxmayaraq, bəzi Azərbaycan obyektləri də zərbələrdən zərər görür. Belə hallarda məsələ diplomatik kanallarla qarşı tərəfin diqqətinə çatdırılır. Rəsmi bəyanatın verilməsi isə onu göstərir ki, Azərbaycan bu məsələni artıq ictimai müstəviyə çıxarır və qarşı tərəfin bunu nəzərə almasını gözləyir. Ümumilikdə isə hazırda Rusiya-Ukrayna müharibəsində əsas hədəflərdən biri məhz enerji və yanacaq infrastrukturudur. Qarşılıqlı zərbələr nəticəsində həmin obyektlər ciddi ziyan görür və təəssüf ki, bu proses Azərbaycana məxsus bəzi infrastruktur obyektlərinə də təsirsiz ötüşmür”.

Qeyd edək ki, Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Qeyd olunub ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: