Rövşanə “məsuliyyətsizlik” dedi, “Azəriqaz” isə “özləri öldürür”…

“Azəriqaz”ın və medianın hər il qış mövsümündə qaz sızması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq, ölkəmizdə xeyli insan dəm qazından həyatını itirir. Təəssüf ki, qorxunc tendensiya bu mövsüm də davam edir. Sözügedən məsələ ilə bağlı iddialardan biri də budur ki, sovet dönəmində analoji problem nadir hallarda baş verirdi və bu qədər kütləvi xarakter almırdı. Son illər isə dəm qazından ölüm hallarının kəskin artdığı, bunun da qazın tərkibində olan zərərli qatqılardan qaynaqlandığı deyilir. 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev belə bir iddianın əsassız olduğunu deyib:

“Sovet dövründə indiki kimi sosiallaşma yox idi. Ona görə də kimsə kənddə vəfat edəndə, bunu aylar sonra bilirdilər. Qazın tərkibi standartlara uyğundur və xüsusi cihazlarla çıxarılır. Tərkibində başqa heç nə ola bilməz. Dəm qazından ölüm halları təbii qazdan qaynaqlanmır. Dəm qazı o zaman yaranır ki, hamama xüsusi cihaz yerləşdirirlər, amma havalandırma sistemi, qapıda dəlik qoymurlar. Hamam otağı oksigenlə təmin edilməlidir. İçəridə oksigen olmayanda yanma prosesi baş verir və bu, dəm qazına çevrilir. Dəm qazının isə iyi olmur və tədricən adamı öldürür. Bir sözlə, ölənləri qaz yox, özləri öldürürlər”.

Sözügedən məsələ ilə bağlı danışan jurnalist Rövşanə Ağasəfqızı isə bu səbəbdən baş verən ölümlərin məsuliyyətsizlikdən qaynaqlandığını deyib:

“Dəm qazından zəhərlənmənin səbəbi nəfəsliyin düzgün qurulmamasıdır. İnsanlar, demək olar ki, qazın, sobanın təmizliyinə, qaydasında işləməsinə nəzarət etmirlər. Bu məsuliyyətsizliyin nəticəsi kimi də bədbəxt hallar baş verir. Əslində, dəm qazından boğulma hadisələri hər zaman olub, sadəcə, ötən əsrdən fərqli olaraq, bu gün hər şey tez və rahat şəkildə ictimailəşir.

Bir məsələni də diqqətinizə çatdırım: əvvəllər qadınlar evə işdən daha tez qayıdardılar, amma bu gün işlərimiz o qədər çox olur ki, səhər çıxıb, axşam gəlirik. Başımız işləyib pul qazanmağa qarışıb. Bu gün mənim evimdə xeyli texniki problem var, lakin vaxt tapıb həll edə bilmirəm. Görünür, bu kimi məsələlər də insanların məişətdə daha məsuliyyətli olmasına əngəl törədir, nəticədə arzuolunmaz hallar yaşanır”.

Zaira Akifqızı
Globalinfo.az