Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sisteminin tənzimlənməsi üçün Bakının “rəqəmsal əkiz”nin yaradılacağını bildirib. Nazir müavini nəqliyyat sıxlığının aradan qaldırılması üçün də müəyyən layihələrin hazırlandığını bildirib.
Sabiq nazir Ziya Məmmədovun dövründə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi kimi bir sistem yaradılmış, amma qısa müddət sonra sistem çalışmamışdı. O layihə daha çox korrupsiya layihəsi kimi yadda qalıb. Milyonlarla manat dövlət vəsaiti sərf edilən layihə ölü doğulan uşaq kimi oldu – ilk gündən işləmədi.
Bəs yeni layihə Bakının tıxac probleminin aradan qaldırılmasında uğurlu olacaqmı?
Paytaxtın tıxac probleminin aradan qaldırılması üçün görülən işləri Globalinfo.az-a dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli son layihənin vəziyyətindən söz açıb:
Natiq Cəfərli
“Azərbaycanda, xüsusilə paytaxtda nəqliyyat probleminin aradan qaldırılması üçün müəyyən cəhdlər oldu. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də bunlardan biri idi. Bu layihəyə milyonlarla manat vəsait xərcləndi, amma o mərkəzdən daha sonra heç bir xəbər çıxmadı, heç bir köməyi də olmadı. Çünki nəqliyyat probleminin həlli sadəcə nəqliyyatdan asılı deyil, bir çox sahələrlə bağlıdır. Tikinti sahəsi, şəhər planlaması, parkinq məsələsi kimi məqamlar nəqliyyat axınına təsir edir. Ayrı-ayrı “Ağ fil” layihələrinə milyonlarla vəsait ayırmaqdansa, bu problemin kökündən həlli üçün nəqliyyat və kommunikasiyaları özündə ehtiva edən vahid şəhər təsərrüfatı yaradılmalıdır”.
Ekspert tıxac probleminin birdəfəlik həllinin yalnız bir halda mümkün olacağını deyib:
“Nə qədər ki, Azərbaycanda yerli özünü idarə problemi həllini tapmayacaq, o cümlədən böyük şəhər bələdiyyələrinin yaradılması, şəhər infrastrukturları bir mərkəzdə cəmlənməyəcək, tıxac məsələsinin həlli yarımçıq qalacaq. Çünki vahid mərkəzdə birləşdirilən şəhər təsərrüfatı bir çox problemlərin həllində yardımçı olur. Biz qardaş Türkiyənin təcrübəsində görürük ki, İstanbulda, Ankarada, İzmirdə bələdiyyələr bu işlə məşğuldur. Yəni bir bələdiyyə mərkəzinə bütün şəhər təsərrüfatı tabedir. Bizdə isə Bakıda 10-dan çox dövlət qurumu var ki, birbaşa səlahiyyət və söz sahibidirlər. Onlar koordinasiyalı fəaliyyət göstərmədikləri müddətcə nəqliyyat sahəsində problemlər də həllini tapmayacaq”.
Eldəniz Cəfərov
Yeni layihənin ümumi imkanlarını dəyərləndirən nəqliyyat eksperti Eldəniz Cəfərov Globalinfo.az-a bildirib ki, bu, digər məqamlara da müsbət təsir göstərə bilər:
“Bakının “Rəqəmsal əkiz” layihəsi yaxşı təklifdir. Düşünürəm ki, bu, avto-nəqliyyat və ümumilikdə yollardakı vəziyyəti müsbət yönə dəyişə bilər. “Rəqəmsal əkiz” həm də imkan verəcək ki, şəhər sakinləri yaşadıqları ərazidə planlaşdırılan dəyişiklik barədə məlumat əldə edə bilsinlər”.
Ayşən Mustafa
Globalinfo.az