Türkiyə Paşinyana xüsusi tapşırıq verib – Baqratyan

“Paşinyan Türkiyənin tapşırığını yerinə yetirir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdəki çıxışı zamanı deyib.

Siyasətçi hesab edir ki, Nikol Paşinyan Rusiya ilə münasibətləri davamlı olaraq pisləşdirir və Türkiyənin sifarişini yerinə yetirir. Nikolun son dövrlərdəki bütün hərəkətləri anti-Rusiya yönümlü olması ilə xarakterizə edilir:

“Biz Rusiya ilə strateji müttəfiqlik haqqında müqavilə bağlamışıq. Fransa və ABŞ bizim üçün önəmlidir. Amma Ermənistanın bu dövlətlərlə belə bir razılaşması mövcud deyil. Yəni onlar bizim müttəfiqimiz deyil”.

Baqratyanın sözlərinə görə, hətta Paşinyanın Rusiyanın pis müttəfiq olması ilə bağlı fikirləri qəbul edilsə də, bu, Kremlin “yaxşı düşmən” olacağı anlamına gəlmir.

“Paşinyan Fransadan bir-iki hərbi texnika alıbsa, bu, bizim Putini danlaya biləcəyimiz anlamına gəlməməlidir”, – sabiq erməni nazir vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az