Regionların inkişafı üçün iki maneə aradan qalxmalıdır: Deputatdan mühüm təklif

Böyüyən və inkişaf edən Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Artıq gözlə görünən bir faktdır ki, bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib.

Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Maraqlıdır, bəs işğaldan azad edilən ərazilərimizdə inkişaf nə yerdədir? Quruculuq siyasəti çərçivəsində görülən işlər real nəticə verir?

Diqqətin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura yönəlməsi digər regionların inkişafına təsir edir?

Deputat Vüqar Bayramov

Globalinfo.az-a danışan Milli Məclisin deputatı iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi hər zaman prioritetdir:

“Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində fəaliyyətlər davam etdirilir. Təkcə bu il ərzində qeyd olunan iki regionun inkişafı və bərpası üçün 4 milyard manata yaxın vəsait ayrılıb. Gələn il 3 milyard 825 milyon manat vəsaitin işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılması gözlənilir.

Təbii ki, təkcə Qarabağ və Şərqi Zəngəzura deyil, digər regionların inkişafı üçün də vəsait ayrılır, işlər görülür. Xüsusilə nəqliyyat infrastrukturu yenilənməsi işləri davam etdirilir. Bundan başqa, regionların iqtisadi inkişafının təşviq edilməsi üçün investisiya cəlb edilməsi ilə bağlı işlər görülür. Ümumiyyətlə investisiyanın cəlb edilməsi, sahibkarlığa dəstək üçün güzəştlərə ehtiyac var.

Məsələ ondadır ki, regionlar ilə paytaxt arasında diferensial vergi sistemi var. Hesab edirəm regiona investisiya qoyan sahibkarlar vergi güzəşti edilməlidir. Bundan başqa regionlarda biznesə, yersiz müdaxilələr də aradan qalxmalı, bu istiqamətə də nəzarət artırılmalıdır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

Turan Rzayev
Globalinfo.az