Son günlər İsrailin İrana qarşı yenidən hərbi əməliyyatlar həyata keçirəcəyi barədə xəbərlər intensiv şəkildə yayımlanır. Bu məlumatlar həm beynəlxalq mediada, həm də ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Belə ki, İranın nüvə proqramını bərpa etməsi və zənginləşdirilmiş uran ehtiyatlarını artırması narahatlıq yaradır.
Bu mümkündürmü? İran–İsrail gərginliyinin növbəti dalğası başlayacaq?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, İran nüvə proqramını bərpa edər və burada nüvə silahının hazırlanması nəzərdə tutulursa, İsrailin İslam Respublikasına yenidən hücum etməsi istisna deyil:
“Bu barədə ABŞ-da açıq bəyanatlar səslənib. Əgər İran zənginləşdirilmiş uranı istifadə etsə, İsrail onu yenidən vuracaq. Tehran hakimiyyəti də məhz buna əsaslanır. Rəsmi açıqlamalarda 408,6 kq zənginləşdirilmiş uranın olduğu bildirilir ki, bunun vasitəsilə istənilən vaxt nüvə silahı hazırlanmasının mümkün olduğunu diqqətə çatdırır.
Sədrəddin Soltan
Tehran rəsmiləri həmçinin vurğulayır ki, ABŞ və İsrailin 12 günlük əməliyyatı İranın nüvə obyektlərinə ciddi ziyan vurmayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi də qeyd edib ki, İranın nüvə proqramı tam məhv edilməyib. Əgər belədirsə, İsrail və ABŞ-ın İrana təkrar hücum etmək üçün əsasları mövcuddur. Bu həm də onu göstərir ki, Tehran nüvə proqramı ilə bağlı fəaliyyətini beynəlxalq ictimaiyyətdən, xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən gizli aparır və şəffaf deyil”.
Safura Bənnayeva
Globalinfo.az