Rasim Məmmədov: “Qardaşım “Baku Steel Company”nin icraçı direktoru olub, bir dəfə də dindirməyiblər”

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi keçirilib.

Sənədlərə baxış zamanı Rasim Məmmədov iş üçün əhəmiyyətli ola biləcək bəzi şəxslərin dindirilməməsindən gileylənib. İttiham olunan şəxs qardaşının da məhkəmədə dindirilməli olduğunu deyib: “Qardaşım burda oturub, “Baku Steel Company”nin icraçı direktoru olub. Hər şeydən xəbəri var. Niyə bir dəfə də onu dindirmirsiniz? Bu adam şirkətin rəhbəri olub. İstintaq dövründə ona deyiblər ki, denən heç nədən xəbərim yoxdur. O da deyib. Vəssalam”.

Daha sonra audit yoxlamaları ilə bağlı protokollar tədqiq olunub.

Proses oktyabrın 31-də davam etdiriləcək.

Xatırladaq ki, “Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.