Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cələloğlunun bir videosu yayımlanıb. O, həmin videoda özünün və qardaşı Qurban Məmmədovun mərhum prezident Heydər Əliyevlə görüşdüyünü bildirir. Bundan əlavə, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov vasitəsilə hakimiyyətlə əlaqə qurduqlarını söyləyir. Halbuki həmin dövrdə ADP özünü iqtidara qarşı müxalif qüvvə kimi təqdim edirdi.
Maraqlıdır ki, həmin illərdə bu görüşlərlə bağlı Sərdar Cəlaloğlu və Qurban Məmmədov ictimaiyyətə hər hansı açıqlama verməyib. Bu isə görüşlərin qeyri-ictimai şəkildə keçirildiyi qənaətini yaradır.
Görəsən, ADP-nin təmsil olunduğu “Demkonqres”də bu görüşlər barədə hər hansı məlumat verilirdimi? Həmçinin partiyanın üzvləri və rəhbərliyi bu təmaslar barədə məlumatlandırılırdımı?
Globalinfo.az-a danışan Sərdar Cəlaloğlu bu məlumatların əsassız olduğunu bildirib:
“Mənim Heydər Əliyevlə nə şəxsi, nə də gizli şəkildə heç vaxt görüşüm olmayıb. Cəmi iki dəfə bütün siyasi partiyaların iştirakı ilə Prezident Aparatında keçirilən toplantıda iştirak etmişəm. Həmin tədbirdə başqa partiyaların nümayəndələri də var idi, mənə də çıxış etmək imkanı verildi. Bundan başqa, Heydər Əliyevlə nə üzbəüz görüşüm, nə telefon danışığım, nə də hər hansı şəxsi əlaqəm olub. Qurban Məmmədovun Heydər Əliyevlə müəyyən əlaqələri olmuşdu. Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması məsələsi zamanı Azərbaycan Xalq Cəbhəsi qan tökülməsinin qarşısını almaq üçün mübarizə aparırdı. O zaman Qurban Məmmədov Heydər Əliyevlə əlaqə saxlayaraq Moskvanın prosesə hərbi müdaxilə edib-etməyəcəyini soruşmuşdu. Məqsəd mübarizənin qansız şəkildə aparılması idi. Çünki 20 Yanvar təcrübəsi hələ də insanların yaddaşında idi və heç kim həmin faciənin təkrarlanmasını istəmirdi. Heydər Əliyev də bildirmişdi ki, narahat olmasınlar, Moskva qoşun göndərməyəcək”.
S.Cəlaloğlu sonrakı dövrdə də Qurban Məmmədovun müəyyən məsələlərlə bağlı Heydər Əliyevlə əlaqə saxladığını qeyd edib:
“Çünki Heydər Əliyev Azərbaycana yeni qayıtdığı üçün ölkədə baş verən proseslər və siyasi qüvvələr haqqında hərtərəfli məlumata malik deyildi, bəzi məsələlərdə məsləhətləşirdi. Amma bu, davamlı və ya gizli görüşlər demək deyil. Mən isə yalnız dövlət vəzifəsində çalışan bəzi şəxslərlə açıq, rəsmi görüşlər keçirmişəm. Əbdürrəhman Vəzirovla bir dəfə, Əbülfəz Elçibəylə isə mütəmadi görüşlərim olub”.
Partiya sədrinin sözlərinə görə, Heydər Əliyevlə cəmi iki kütləvi tədbirdə eyni məkanda olub:
“Birincisi, Naxçıvanda şəhidlərin anım mərasimində idi. İkincisi isə sərhəd hadisələrinin ildönümü münasibətilə keçirilən tədbir idi. Həmin tədbirdə Türkiyə və İrandan da qonaqlar iştirak edirdi. Mən də çıxış etmişəm, Heydər Əliyev də orada olub. Bununla da məsələ bitir. Əgər mənim Heydər Əliyevlə hər hansı gizli və ya şəxsi əlaqəm olsaydı, bunu gizlətməyə ehtiyac duymazdım. Məsələn, dövlətin və xalqın əleyhinə hansısa gizli sövdələşmədə iştirak etmiş olsaydım, bunu gizlətmək mənə yaraşmazdı. Belə bir şey olmayıb”.
Sərdar Cəlaloğlu deyib ki, 1994-2000-ci illər arasında hakimiyyətlə əlaqə saxlayan AXC rəhbərlərindən biri Əli Kərimli olub:
“Əli Kərimli o dövrdə iki dəfə deputat seçilib, müəyyən siyasi imkanlar əldə edib. Sonradan isə münasibətlər pozulub. Heydər Əliyevlə bağlı dediyiniz iddiaların heç biri doğru deyil. Əliyev Həsənov vasitəsilə tez-tez mesajlar göndərilməsi barədə deyilənlər də böhtandır. Heydər Əliyev lazım olanda Qurban Məmmədovu parlamentə və ya iqamətgahına dəvət edir, müəyyən məsələləri müzakirə edirdi. Həmin görüşlərdə Qurban Məmmədov nə şəxsi maraqlarını, nə də partiya maraqlarını önə çəkirdi. Söhbət həmişə dövlətin və millətin maraqlarından gedirdi. Heydər Əliyev də bunu yaxşı bilirdi. Buna görə də sonrakı illərdə ona qarşı sərt müxalif mövqedə olmağımıza baxmayaraq, bizə qarşı qanunsuz addımlar atılmadı”.
S.Cəlaloğlu daha bir maraqlı fikir səsləndirib:
“Bu gün əgər hakimiyyət hansı bir problemin həllində bizdən dəstək və ya məsləhət istəsə, yaxud bizimlə görüşmək istənilsə, biz buna məmnuniyyətlə razı olarıq. Bunu gizlətməyə də heç bir ehtiyac görmürük. Azərbaycan Demokrat Partiyası 2000-ci ildə ölkədə koalisiya hökumətinin yaradılması təşəbbüsünü irəli sürərək bununla bağlı bəyanat qəbul edib. Həmin bəyanat barədə ABŞ səfirliyi də məlumatlandırılıb. Bu mövzu ilə bağlı müxtəlif sənədlər və məlumatlar mövcuddur. 2005-ci ildə isə Azərbaycan Demokrat Partiyası Məclisinin qərarı ilə iqtidara münasibətdə siyasi mövqeyimizi konstruktiv müxalifət xəttinə keçirdiyimizi bəyan etdik. Həmin vaxt rəsmi bəyanat qəbul olundu və o gündən etibarən iqtidarla siyasi dialoqun qurulması istiqamətində ardıcıl addımlar atmağa, münasibətlərin formalaşdırılmasına çalışdıq. Bu gün də fəaliyyətimizi konstruktiv müxalifət kimi davam etdiririk. Bizim siyasətimiz açıq və şəffafdır. Gizli sövdələşmələr, pərdəarxası razılaşmalar, zorakılıq yolu ilə hakimiyyət uğrunda mübarizə bizim siyasi fəaliyyətimizə yad anlayışlardır. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.
Sərdar Cəlaloğlunun sözü gedən videosunu təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az
