Trampa qarşı “ehtiyat plan” işə düşdü – 8 il əvvəlki taktika

BB1py6mw

“ABŞ Prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsi indidən qələbə eyforiyası yaşayan Donald Tramp üçün əhəmiyyətli çətinliklər yaradacaq”.

Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov C.Baydenin noyabrda keçiriləcək seçkilərdə namizədliyini geri götürməsi və vitse-prezident Kamala Harrisi dəstəkləməsi haqda danışarkən deyib.

Analitik demokratların Trampın qarşısında daha ağıllı namizədə ehtiyacının olduğunu bildirib:

“Ancaq Donald Tramp Bayden administrasiyasının siyasətini tənqid etməyə daha həvəslə girişmək üçün fərqli reallıqlara və yeni rəvayətlərə əl ata bilər. Bunu demokratların namizədinin kimliyi təsdiqləndikdən sonra aydın görmək olacaq. Hər bir vəziyyətdə, demokratlar Trampı siyasi arenadan uzaqlaşdırmaq üçün daha çox maliyyə ilə seçki alqoritmləri yaratmağın əsaslarını tapmaq baxımından ağıllı namizədə ehtiyac duyur”.

Aqsin Kerimov 232
Aqşin Kərimov

A.Kərimovun sözlərinə görə, yeni situasiyada yalnız iki namizədin debatından sonra real vəziyyətin necə olacağı bilinəcək:

Həmçinin oxuyun:

Vaşinqtonla İrəvanı “küsdürən” hadisə – 3 erməni etiraz etdi

“Ancaq İlon Mask kimi milyarder Trampdan dəstəyini əsirgəməməkdə israrlı görünür. Bu da seçki kampaniyasının çarxını Trampın xeyrinə döndərə bilər.

Bir qədər gözləmək lazımdır. Trampla demokratlardan olan opponentinin debatından sonra rəy sorğuları və onlar üzərindən manipulyasiyaların təhlilinə əsasən daha proqnozlaşdırıla bilən fikirlər söyləmək mümkün olacaq.

Çünki Trampla Baydenin debatı demokratlar üçün fəlakətli sayıla biləcək rəy sorğularını meydana çıxardı. Bundan sonra isə onlar faciəvi fərqi aradan qaldırmaq üçün yeni tezisləri və fikirləri – Trampın mövqelərini sarsıdacaq mövqeləri işləyib hazırlamalıdırlar”.

“Seçki çətinliklərinə tab gətirmək hər iki rəqib üçün asan olmayacaq. Hərçənd ki, Tramp bu qədər kampaniyaya və məhkəmə işlərinə rəğmən hələ də siyasi arenanı tərk etməyib”, – analitik vurğulayıb.

Qeyd edək ki, demokratlardan Kamala Harrisin prezidentliyə namizədliyinin irəli sürülməsi 2016-cı ildə ABŞ-da keçirilən prezident seçikilərini yenidən gündəmə gətirib. O zaman respublikaçıların namizədi Donald Trampın prezidentlik uğrunda əsas rəqibi demokratlardan Hilari Klinton idi. D.Trampın H.Klinton üzərində qələbəsi mediada ABŞ-da ilk qadın prezident seçilmə ehtimalının qarşısını alan amil kimi təqdim olunub. Trampın qarşısına yenidən qadın namizədin çıxarılması bu istiqamətdə növbəti cəhd və demokratların taktikası olaraq dəyərləndirilir.

Turan Rzayev
Globalinfo.az