Qəzəb və gül dağıdanlar – Fazil Mustafa yazır

İsveçdə bir dəli Quran kitabını yandırdı. Düşünək ki, adam heç dəli deyil. Ağlı başında bir siyasətçi kimi, qəsdən təxribat yaratmaq məqsədi ilə müsəlmanların inanc dəyərlərinə saldırmaq istəyib. Onlar üçün sıradan bir kitab, bizim üçün isə kitablar kitabı sayılan Qurandan söhbət gedir. Burada inancdan o tərəfə dünya insanının anlayacağı bir gerçək var: Nəhayətdə yandırılan bir kitabdır!

Bu kitabı kimin yandırması və hansı kitabı yandırması sonra müzakirə olunacaq məsələdir. Ritual olaraq yenə də bir kitab yandırılıb. Tarix kitabın hansı olduğuna boylanmadan kitab yandıranların hamısına eyni cür baxır. İsveç kimi demokratiyası, sosial ədaləti ilə qürur duyan bir dövlətdə hər hansı bir kitabın yandırılması demokratiyanın da, sosial ədalətin də yavaş-yavaş tüstülənməsi deməkdir. İsveç məhz “kitab yandırılan ölkə” kimi bədnam bir adı öz üzərinə götürməmək üçün birbaşa Kitaba inancı olan bütün insanlardan üzr istəməli idi.

Yeri gəlmişkən deyəlim ki, kitab yandırmaq yalnız dinlə, inancla bağlı məsələ deyil, heç dəliliklə də əlaqəli deyil. Fikrimcə, səmimi bir müsəlman əgər ağlı başından uçmayıbsa, başqaları üçün müqəddəs sayılan Tövratı, İncili nadir hallarda yandıra bilər. Sadəcə onları məhz Quran təsdiqlədiyinə görə, onları Qurandan aşağı mərtəbədə, həm də təhrif olunmuş variantda görməklə kifayətlənər. Ancaq hansısa yobaz bir müsəlman, işidçı, talibançı, irançı və s. Qurana zidd saydığı istənilən başqa kitabı yandıra bilər.

Tarixi mənbələrdən alınan bilgilərə görə, məşhur İsgəndəriyyə kitabxanasında bir neçə dəfə yanğın olmuşdu. Misirlilərin də, romalıların da vaxtında acınacaqlı yanğın hadisələri bu kitabxananın əvəzolunmaz sərvətinin bir qismini külə döndərmişdi. Bu yanğınların biri də müsəlmanlar Misiri ələ keçirdikdən sonra xəlifə Ömərin dövründə baş vermişdi və bu yanğının arqumenti ordodoks bir müsəlmanın baxış bucağından tamamilə səmimi və ibrətamiz sayıla bilərdi: “Əgər oradakı kitablar Qurana ziddirsə yandırılmalıdır, Qurana uyğundursa, bizə Quran yetər, yenə də yandırılmalıdır”.

İndi bəzi ölkələrdə müsəlmanlar küçələrə axışaraq İsveçdəki dəlinin yandırdığı Qurana görə cəza tələb edirlər. Ancaq ən ağıllı və tərbiyəli davranışı çağdaş düşüncəli inanc sahibləri ortaya qoydu. Əllərində gül dəstələri ilə ölkələrindəki kilsələri ziyarət edərək bu gülləri qapısına düzdülər. Yəni bir axmağın hərəkəti onların əxlaq müvazinətini, insanlıq sevgisini pozmadı.

Ən qorxulusu odur ki, İsveçdə də, dünyanın hər yerində də xristianlar küçəyə axışıb əks tələblə çıxış edə bilərdilər. Onlar da iddia edərdilər ki, Quranı məhz müsəlmanlar özləri yandırmışlar. Onu əsrlərdir təhrif edərək yandırmışlar. Onu məzhəblərə bölünərək bir-birinin qanını tökməklə yandırmışlar. Elmin, düşüncənin, sənətin, ədəbiyyatın qarşısına Quranı dikərək onu yandırmışlar. Onu günlük siyasətə qataraq, mənasını təhrif edərək yandırmışlar. Ön Asiyadan, Şimali Afrikadan Cənub-Şərqi Asiyaya qədər bütün bölgələrdə bir-birinin haqqını yeyərək, qanını içərək yandırmışlar. Qadını ən alçaq məxluqa çevirərək, hərəmxanalarda cinsi istismara məruz qoyaraq, erkən yaşda ağzı dualı sayılan şeyxlərin, mollaların, hacıların, kərbəlayıların, məşədilərin yatağına salaraq Quranı yandırmışlar. Fərqli fikir sahibi olan düşüncə adamlarını, elm adamlarını, ədalətsizliyə etiraz edən sıradan insanları kafir adı ilə, müşrik, münafiq adı ilə edam edərkən, qamçılayarkən Quranı yandırmışlar. Məgər bütün müsəlman dünyasından hər gün eşitdiyimiz ahu-nalənin gerisində yanan Quranı görmürsünüz? Məgər anlamırsınız ki, adını İslam dövləti qoyub milyonlarla fahişəliyə, uşaqbazlığa, zorakılığa, köləliyə, narkomaniyaya, savadsızlığa düçar etdiyiniz insanın gözündə bu Quranı məhz siz müsəlmanlar yandırmısınız?

Uşaqlıq illərindən yaddaşımda qalan ən acı xatirələrdən biri evimizdə, qonşuda, qohumda kömür sobasının yandırılması prosesi idi. Az qala hər sobanın yanında lazımsız sayılan bir və ya bir neçə kitab qoyulurdu və qış aylarında sönmüş sobanı o kitabdan cırılan bir neçə vərəqi bükümləyərək yandırardılar. Anlamazdıq ki, ancaq yanacaq vasitəsi olaraq gördüyümüz o kitab Yaradanın yaratdığı bir varlığın zehninin haqqı idi. Bizlər o haqqı düşünmədən yandırırdıq. Heç şübhəsiz ki, dünya xalqlarının əksəriyyəti kitaba bu cür münasibət sərgiləmişlər.

Bütövlükdə bu gün tərəqqi edən, texnoloji kəşflər edən, mədəni haqları tanıyan millətlərin hamısının ilk tanıtım xassəsi kitaba olan münasibətin dəyişməsi ilə ortaya çıxıb. Onların da içində vaxtilə Almaniyada olduğu kimi faşistlər, vaxtilə SSRİ-də, Çində olduğu kimi kommunistlər çıxıb ideologiyasına zidd kitabları yandıra bilər. Ancaq bu İsveçdəki dəlinin müsəlmanların duyğularını incitmək məqsədlə Quran kitabını yandırması, əslində müsəlmanlar üçün yenidən Quran üzərində düşünməyə çağırış zərurəti kimi də baxıla bilər. Bu dəlinin yandırması ilə Quranın mahiyyətinə, mətninə zərrə qədər zərər dəyməz, ancaq bizim yandırdığımız Quran bütün İslam arealının itirdiyi fürsətlər, yaşadığı qaranlıq, xurafat, vəhşi həyat tərzi, ədalətsizlik kimi anlaşılmalıdır. Həmin dəlinin yandırdığı Quran həm də o çağırışdır ki, əgər Quranın yandırılmasına bu qədər həsassınızsa, o zaman onun mətninə də, mənasına da, təlqin etdiyi əxlaqa da öz yaşamınızda eyni həssaslığı göstərin.

Bu cür davranışlar bundan sonra da gözləniləndir. Ötənlərdə başqa bir dəlisi də çıxıb öz yaşamı ilə insanlıq üçün örnək olan İslam Peyğəmbərinin karrikaturasını çəkməklə müsəlmanları qəzəbləndirmişdi. O zaman da müsəlman Şərqində insanlar küçələrə tökülüb etiraz etmişdilər. O zaman da söyləyən olmadı ki, bu həssas müsəlmanlar öz yaşam tərzini, ədalətsizliyi, vəhşi davranışları ilə özləri çoxdan bu karrikaturanı çəkmişlər. Peyğəmbərin söymədiyini bunlar söyürlər, peyğəmbərin döymədiyini bunlar döyürlər, peyğəmbərin demədiyini bunlar deyirlər, peyğəmbərin sevmədiyini bunlar sevirlər, peyğəmbərin etmədiyini bunlar edirlər, karrikatura bundan artıq necə çəkilir ki?!

Quran insanlıq üçün bir örnək əxlaq və yaşam kitabıdır, İslam Peyğəmbəri insanlıq üçün bir örnək şəxsiyyətdir, lakin hər iki örnəyi öz yaşamında unudaraq bütövlükdə müsəlman təəssübkeşliyindən ağız dolusu danışanların həssaslıq, qəzəb, nifrət kükrəməsini anlamaq və anlatmaq heç cür mümkün deyil. Əlbətə, yer üzündə sağlam düşüncəli, insana sevgi və sayğı duyan, Quran əxlaqını mənimsəyən, Peyğəmbər yaşamını səmimi şəkildə örnək alan, çevrəsindəki insanlara güvən verən müsəlmanların da sayı az deyil. Eləcə də hər hansı inanc mənsubu olan bu xarakterdə insanlar da dünyada az deyil. Dünyanı müsəlmanın müsəlmanı sevdiyi düşüncə deyil, yalnız müsəlmanın insanı sevdiyi düşüncə gözəlləşdirə bilər.

Ancaq əfsus ki, dünyada müsəlman tanıtımı cavab addımı kimi kilsələrə gül dağıdan insanların üzərindən deyil, küçələrdə qəzəb dağıdan insanların üzərindən aparılır.

Gül dağıdan hər kəsə salam olsun! Siz həmişə gül dağıtsanız, kimsə nə Quranı yandıracaq, nə də peyğəmbərin karrikaturasını çəkəcək.

Bu, həm də İnsanlığın böyük Peyğəmbərinə, Rəsullullaha göndərilən bir salamdır!

Fazil Mustafa, MM-in deputatı