
Rusiya-Ukrayna müharibəsinin davam etməsi və uzanması müharibəyə yanaşmaları da dəyişir. Qərb faktiki olaraq Putinin Ukrayna müharibəsində qalib gələcəyindən narahatdır. Hətta bunu qəbul etmiş, barışmış kimi görünür.
Ötən həftə NATO Baş katibi Yens Stoltenberqin, bu həftə ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun açıqlamaları bu qənaətə gəlməyə əsas verir. Ukraynaya yardımların kəsilə biləcəyi ehtimalı üzərindən bu açıqlamalar xüsusilə diqqət çəkir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Qərb Ukraynanın əks-hücum əməliyyatlarının nəticələri ilə korrelyasiya qurur:
“Əks-hücum əməliyyatlarında Ukraynanın uğursuz boşluğa düşməsi Qərb-Rusiya sövdələşmə ruhunu inkişaf etdirir.

Aqşin Kərimov
Mən əks-hücum əməliyyatları başlayanda onun uğursuz ola biləcəyini bir neçə dəfə səsləndirmişəm. Relyef faktoru, Rusiyanın müdafiə istehkamlarının hücumlara qarşı adekvatlığı, canlı qüvvələr və silah arsenalı arasındakı say fərqi Ukrayna üçün uğurlu bir nəticə hasil etmirdi.
Bəzən deyirlər ki, Qərbdən verilən silahlar işə yaramadı, amma hərbi nöqteyi-nəzərdən bunun aydın bir izahı var. Verilən silahlar anbarlara yığılıb orada yağlanmır, onlar döyüş meydanına atılır, həm vurur, həm də vurulur.
Necə ki, Ukrayna da müharibənin ilk aylarında Rusiya texnikalarını sıradan çıxarırdı. Amma onda Ukraynaya ciddi bir kəşfiyyat dəstəyi var idi, indi isə vəziyyətin xeyli dəyişdiyini görmək çətin deyil”.
Ekspert qeyd edib ki, Rusiya son zamanlar kəşfiyyat imkanlarını yaxşılaşdırıb:
“Qərblə Rusiya hər nə qədər bir-birini “didsə” də kəşfiyyat subyektləri arasında ciddi müzakirə kanalları açıqdır və onlar qırmızı xətlərin tapdanmaması üçün çalışırlar. Bu, Ukraynanın alternativ kəşfiyyat məlumatlarına çıxış imkanlarını məhdudlaşdırır və Rusiya Ukraynanın müharibə meydanındakı silahlarını vura bilmək gücünü artırır.
Bunlar Kiyev üçün kifayət qədər riskli itkilərdir, artıq eyforik tərzin yerini məğlubiyyət düşüncəsi ilə əvəzləməsi də ciddi siqnallar verir.
Volodimir Zelenski isə Qərbin vədləri ilə real yardım imkanları arasındakı sərhədi müəyyən edə bilmədi, indi, o, olduqca çətin bir vəziyyətlə qarşı-qarşıyadır”.
Turan Rzayev
Globalinfo.az