Qərbin Rusiya qazına olan asılılığı fonunda Fransanın qaza gəlməsi – Şərh

“Azərbaycan və Türkiyə bir-birini “qardaş ölkə”, Fransa və Ermənistan isə “bacı” adlandırır. Məncə, bu belə özlüyündə ölkələrin bir-birinə yanaşmasını göstərir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyevin Ermənistan və Fransa ilə bağlı sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezidentin son çıxışı Fransa və Ermənistan üçün ibrət alınası tezislərlə yadda qaldı:

“Fransa birmənalı olaraq Bakı ilə İrəvan arasında seçim edib. Çünki Paris hər vəchlə İrəvana dəstək verdiyini açıqca nümayiş etdirir. Belə bir ölkəni heç bir halda Ermənistan-Azərbaycan danışıqlar prosesinə yaxın buraxmaq olmaz.

Ölkə başçısı çıxışı zamanı Frankofoniya təşkilatına üzv qəbul edilməməyimizə toxunub. Ümumiyyətlə onu deyim ki, bu təşkilata Bakının üzv edilməməsi Ermənistan faktoru ilə bağlıdır. Rəsmi Paris yaxşı başa düşür ki, Bakı beynəlxalq aləmdə nüfuzunu günbəgün artırır və Ermənistanın lehinə bir qətnamə və ya qərar qəbul etmək imkansız hala çevrilib.

Buna görə də ən azından özünün istədiyi tərzdə bir qərarın verilməsi üçün Bakının Frankofoniya təşkilatına üzv edilməsinə imkan vermir. Təsadüfi deyil ki, ölkə başçısı da çıxışda qeyd edib ki, bu yaxınlarda Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Aydın məsələdir ki, bu təxribatın müəllifi Fransa idi.

Politoloqun sözlərinə görə, ölkələr arasında münasibətlərin pislə və ya  normallaşa bilər, lakin qarşılıqlı etimad birdəfəlik zədələnir:

“Fransa bilərək və ya bilməyərək Ermənistana görə Azərbaycanla münasibətlərini pisləşdirir. Paris güman edir ki, gələcəkdə münasibətlər normallaşacaq, lakin heç nə əvvəlki kimi olmayacaq. Paris bütün hallarda Azərbaycan kimi bir ölkəni itirir.

Xüsusilə də Qərbin Rusiya qazına olan asılılığından xilas olmağa çalışdığı bir zamanda bu addım heç də ağıllıca deyil.

Hesab edirəm, ölkə başçısı çıxışı zamanı Fransa-Azərbaycan münasibətlərinə aydınlıq gətirmiş oldu. Mümkündür ki, Parisin atdığı bu addımlar iki ölkə münasibətlərinin gələcəyi üçün ciddi yara olacaq”.

Turan Rzayev
Globalinfo.az