İran kritik qərar ərəfəsində: Onu kim əvəz edəcək?

İran İslam Respublikasında siyasi və dini hakimiyyəti əlində cəmləyən ali dini rəhbər Əli Xameneinin karyerası bitir. Onsuz da bir müddətdir səhhətində ciddi problemlərin olduğu deyilən ali dini rəhbərin bir neçə dəfə komaya düşdüyünə dair xəbərlər də yayılmışdı. Lakin bütün bunlara baxmayaraq əsas diqqətçəkən məqam 2024-cü ilin martında Xameneini kimin əvəzləyəcəyinə qərar verəcək orqan olan Ekspertlər Assambleyasına seçkilərin keçirilməsidir.

Maraqlıdır, İranın siyasi gələcəyi ilə bağlı keçiriləcək seçkilərin nəticəsi necə olacaq? Xameneini kim əvəzləyəcək? Yeni ali dini rəhbərin xarici siyasət kursu necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, İranda bu motivdə tez-tez iclaslar keçirilir:

“İran Konstitusiyasına əsasən, Ekspertlər Məclisi ali rəhbərin təyin edilməsi, onun fəaliyyətinə nəzarət və vəzifədən azad edilməsinə cavabdehlik daşıyır. O, islam hüququ üzrə ixtisaslaşmış hüquqşünaslar və din xadimlərindən ibarət 88 nəfərlik tərkibə malikdir.

Aqşin Kərimov

İndiki məqamda iki fiqur üzərində diqqət cəmlənir: Prezident İbrahim Rəisi, digəri isə onun sələfi Həsən Ruhanidir. Açıq şəkildə Ruhaninin prosesdən sıxışdırılıb, Məclisə seçilməsinin qarşısının alınması üçün kampaniya aparılır. Ruhani artıq qəbuledilməz bir obraza çevrilib, buna görə də Ekspertlər Məclisinə gedən yolu rəvan olmaya bilər. Hesab edirəm, Ruhaninin heç bir şansı yoxdur. O, uzağı, Ekspertlər Məclisinin üzvü olub, ali rəhbəri seçmək hüququndan istifadə edə bilər.

İndiki Prezident Rəisinin də populyarlığı aşağıdır. İslam Respublikasının ali rəhbəri statusuna yiyələnmək üçün ən çox fəallığı Xameneinin oğlu Möctəba Xamenei ilə İbrahim Rəisi və onları dəstəkləyən qruplaşmalar göstərirlər. Bununla belə, proseslər fərqli bir məcraya gedə və ümumiyyətlə tamamilə fərqli bir namizəd də irəli sürülə bilər”.

Turan Rzayev
Globalinfo.az