Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi BMT-dəki çıxışında Rusiya Prezidenti Vladimir Putinin ünvanına sərt ifadələr işlədib.
İngilis nazir Putini “qatil”, Rusiyanı isə “qəddar və mafioz” ölkə adlandırıb.
Bəzi siyasi dairələr bəyanatın bu qədər sərt olmasını Rusiyaya qarşı kollektiv Qərbin hərbi əməliyyatlara başlayacağının anonsu kimi dəyərləndiriblər.
Bu, nə dərəcədə mümkün görünür? Rusiya bəyanata necə cavab verəcək?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Böyük Britaniyanın sözügedən bəyanatı əslində ABŞ-ın Rusiyaya qarşı sərt mövqeyidir:
“Əlbəttə, bu, ədalətsiz mövqe deyil, amma beynəlxalq münasibətlərdə belə bəyanatların açıq səsləndirilməsi ciddi nəticələr doğura bilər. Rəsmi Londonun ritorikasından bu qənaətə gəlmək olar ki, onun konkret hədəf və məqsədləri var. Bunlar təmin olunana kimi eyni ritorika davam edəcək.
Hazırda Ukraynanın ona göndərilən silahlardan Rusiyanın daxilində istifadəyə icazə verilməsi müzakirə olunur. Böyük Britaniya bunun qəti şəkildə lehinədir, ABŞ isə hələlik təmkin nümayiş etdirir”.
“Bütün hallarda müharibə hələ davam edəcək. Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü Ukrayna müharibəsi başda olmaqla münaqişələrin həllini mümkünsüz hala gətirib çıxarırlar”, – politoloq bildirib.
Turan Rzayev
Globalinfo.az