Son zamanlar ermənilərin Qərbdəki havadarları yenidən ölkəmizə qarşı təzyiqlərə başlayıblar. Xüsusilə Azərbaycanda həbsdə olan separatçıların azadlığa buraxılması, habelə ermənilərin Qarabağa qaytarılması başlıca “tələblərdir”.
Sonuncu dəfə bununla bağlı anti-Azərbaycan mövqeyi ilə seçilən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo çağırış edib. O, erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırıb. Hazırda ermənilər sosial şəbəkələrdə bununla bağlı hazırlıq görürlər.
Azərbaycana qarşı bu təzyiqlərin sifarişçisi kimdir? Rəsmi Bakının reaksiyası necə olacaq? Ölkəmizə qarşı hansı addımları ata bilərlər?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Okampo kimi qərəzli birinin özünü ədalət təmsilçisi kimi qələmə verməsi gülüş doğurur:
“Bu şəxs açıq şəkildə tərəf tutur və özünü erməni təmsilçisi kimi aparır. Biz belə ermənipərəst şəxslərin absurd açıqlamalarına tez-tez rast gəlirik.
Ermənilərin Qarabağa qayıtmasına gəldikdə isə Azərbaycanın bu məsələ ilə bağlı tələbi açıq və aydındır. Bu o vaxt baş tuta bilər ki, Qərbi azərbaycanlılar da öz ata-baba torpaqlarına geri qayıtsın. Təktərəfli heç nə ola bilməz.
Həbsdəki separatçıların azad edilməsi isə müzakirə mövzusu deyil. Rəsmi Bakı bu şəxsləri əsassız şəkildə həbs etməyib. Onlar insanlıq əleyhinə cinayətlər törədiblər. Hazırda həmin cinayətlərlə bağlı araşdırma gedir. Lazım gəldikdə Azərbaycan tərəfi bu məlumatları ictimaiyyətlə bölüşəcək”.
Politoloq Əli Zülfüqarlı isə deyib ki, Azərbaycana qarşı təzyiqlər həmişə olub və bu istiqamətdə yeni dalğanın başladılması gözlənilən idi:
“İndiki məqamda bu kampaniyanın başladılması təsadüfi deyil. Ermənistan, xüsusilə erməni lobbisi müxtəlif istiqamətlərdə COP29 öncəsi Azərbaycana qarşı təzyiqləri artırmağa çalışır. Ermənilərin geri qaytarılması və separatçıların azad edilməsi ilə bağlı atılan addımlar da bu qəbildəndir.
Düşünürlər ki, dünya ölkələrinin diqqətinin Azərbaycanda olacağı bir ərəfədə hansısa təzyiqin effekti ola bilər. Amma bunun nəticə verməyəcəyi şübhəsizdir. Çünki Azərbaycanın sülh prosesi və Qarabağdan gedən ermənilərlə bağlı aydın mövqeyi var. Ermənilərin getməsi öz istəkləri ilə olub və onların geri qayıtması ilə yanaşı Qərbi Azərbaycandan, öz doğma yurdlarından zorla köçürülən soydaşlarımıza da bu haqq tanınmalıdır.
Digər tərəfdən, həbsdə olan separatçılar konkret cinayətlər törədiblər və Azərbaycan qanunları ilə mühakimə olunurlar. Bunun üçün Azərbaycanı ittiham etməyə heç bir hüquqi əsas yoxdur. Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil və əks-effekt verir”.
Turan Rzayev