Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin birgə keçirdikləri brifində bildirilib ki, 44 günlük müharibədən sonra Qarabağda ermənilərə məxsus silah və sursat fabriki aşkarlanıb.
Görünür, ermənilər Qarabağın sərvətini talamaqla yanaşı, buranı silah və narkotik poliqonuna, terror yuvasına çeviriblər.
Maraqlıdır, bu faktlar qarşısında Qərb ölkələri hələ də Ermənistanı müdafiə edəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, məsələdə Qərbin rolu danılmazdır:
“1988-ci ilin fevralından Qarabağ hadisələri başladı. Ermənilər Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı məsələ qaldırdılar. Qərbin bu planı SSRİ-nin çöküşünə səbəb oldu. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi SSRİ-ni dağıtmaq üçün milli məsələləri qabartmaqla prosesi həll etdi. Onlar üçün ən zəif yer Ermənistan oldu. Məlum olduğu kimi, ABŞ-da erməni diasporu böyük təsirə malikdir. Onların vasitəsilə rəsmi İrəvandakı şovinistlərə böyük maliyyə dəstəyi göstərildi və milli məsələləri qızışdıraraq SSRİ-nin dağıdılmasının başlanğıcını qoydular”.
Elşad Həsənov
Politoloqun fikrincə, 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan ermənilər Qarabağda özlərinin varlanması üçün bütün vasitələrə əl uzadıblar:
“Narkotik plantasiyaları yaradıb, onların satışı ilə məşğul olub, eyni zamanda Qarabağ ermənilərinə ayrılan vəsaiti də öz aralarında bölərək böyük maliyyəyə sahib oldular. Köçəryan, Sərkisyan, Arutyunyan və digərləri Rusiyada, xaricdə özlərinə böyük imkanlar yaradıb, biznes şəbəkələri qurdular. Bunu Qarabağ erməniləri çox yaxşı bilir. İndi də Ermənistanda olan ermənilərin Qarabağ ermənilərini görməyə gözü yoxdur, onlara nifrət edirlər. Çünki onların övladları Qarabağda köçəryanların qazancları uğrunda məhv olublar.
Bu gün tapılan silah-sursat fabriki də uzun illər ərzində inşa edilib. Hələ növbəti illərdə də bu kimi tapıntıların şahidi olacağıq”.
Safura Bənnayeva
Globalinfo.az