Qarabağda aktivlik: sülhməramlılardan gözlənilməz addım – Nə baş verir?

Son günlər Qarabağdakı Rusiya sülhməramlılarına məxsus hərbi texnikaların Azərbaycan ərazisini tərk etməsi ilə bağlı görüntülər təəccüblə qarşılanıb. Sülhməramlı kontingentin Qarabağı gözlənilmədən, tələsik tərk etməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sülhməramlıların Qarabağdan tələsik çıxmasını müxtəlif cür yozmaq olar:

“Məsələn, mümkündür ki, rəsmi Moskva artıq bölgədə sülhməramlı kontingentə ehtiyac olmadığın anlayır və Azərbaycanın yaratdığı yeni reallıqlarla barışır.

İkincisi, ola bilsin, Rusiya Ukraynada tədricən şəxsi heyət çatışmazlığı ilə üzləşir. Ona görə Qarabağdakı sülhməramlıları Ukraynaya aparmaq barədə düşünür.

Üçüncüsü isə, Qarabağdan çıxarılan hərbçilər Gümrüyə göndərilir.

Xüsusilə son vaxtlar İrəvanla Moskva arasında münasibətlərin pisləşməsi fonunda bu ehtimal heç də istisna deyil.

Praktiki baxımdan Rusiyanın Ermənistanda çevriliş etməsi və baş nazir Nikol Paşinyanı devirməsi mümkündür. Bu, Moskva üçün heç də çətin deyil. Daha Moskvanın Paşinyana o qədər ehtiyacı da yoxdur.

Sadəcə olaraq bir məqamı nəzərə almaq lazımdır: 2020 və 2021-ci illərdə üçtərəfli bəyannaməyə qol çəkən məhz Paşinyan olub. Onun yerinə gələn siyasətçi bu sənəddən imtina edə bilər. Bu isə Rusiyanın regiondakı təsirinin xeyli dərəcədə azalması deməkdir. Düşünürəm ki, indiki məqamda Putinin tərəddüdünə səbəb olan əsas məqam budur”.

Turan Rzayev
Globalinfo.az