
Martın 13-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatının aparılmadığını deyib.
Globalinfo.az xəbər verir ki, o, xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparıldığını bildirib:
“Ermənistan vətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana getdikdə qeydiyyat aparılmırdı. Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Bir müddət bundan əvvəl “hakimiyyətdə olanlar” bu suallara cavab verə bilərlər. Çox insan – deputatlar, senatorlar, konqresmenlər və digərləri gəlirdilər”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.