Şagirdi döydü, direktor oldu: yeni qalmaqal – “Kim qarantiya verir ki…”

Lənkəran Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəsilə Əliyevanın adı ötən il qalmaqalda hallanmışdı. Deyilənə görə o, 2022-ci ilin iyul ayında V.Əliyev adına Lənkəran şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdini evində döyərək xəsarət yetirib. Bu məlumat cəmiyyətdə qızğın müzakirələrə səbəb olmuşdu. Bundan sonra R.Əiyeva vəzifədən azad edilmişdi. Bu günlərdə isə R.Əliyevanın Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması ilə bağlı xəbər yayılıb.

Globalinfo.az məlumatı dəqiqləşdirmək üçün Lənkəran İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayevlə əlaqə saxlayıb.

O, xəbərdən məlumatsız olduğunu bildirib:

“Mən hazırda şəhid məclisindəyəm. Yayılan xəbərlədən məlumatım yoxdur”.

Əməkdaşımız M.Babayevə “siz icra hakimiyyətində çalışırsınız, məlumat iki gündür yayılıb. Necə ola bilər ki, bundan xəbəriniz olmasın?” dedikdə müavin telefonu söndürdü.

Globalinfo.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, dünən Lənkəran RİH-n əməkdaşları Rəsilə Əliyevanı uşaq evindəki işçilərə təqdim edib:

“Hamısı da şərhlərdə təbrik yazırdılar. Anlayıram, insana dəstək ola bilərlər. Amma burada qanun pozuntusu var! Bir uşağa işgəncə verən adamı aparıb uşaq evinə rəhbər təyin edəndə bunu dərindən düşünmək lazımdır. Mənim kiminləsə şəxsi ədavətim yoxdur. Uşaq müdafiəsində olan boşluqların aradan qaldırılmasının tərəfdarıyam. Mən o vaxt Rəsilə Əliyevanın işdən çıxmasını tələb edənlərdən olmuşam. İndi bu adam mənə qarşı qıcıqlı, qərəzli ola bilər. Kim zəmanət verir ki, o, mənim yanımda sığınacaqda reablitasiya keçdikdən sonra onun təyin olunduğu müəssisəyə yerləşdirilən 10 uşağa qarşı aqressiv davranmayacaq? Həmin müəssisəyə əsl peşəkar, işini sevən biri gələrsə, çox sevinərəm. Rəsilə xanıma da uğurlar arzu edirəm. Əgər onun özünün də reablitasiyaya ehtiyacı olarsa, bir təşkilat kimi dəstək verə bilərik”.

Zaira Akifqızı
Globalinfo.az