Qafqaz uğrunda müharibə ssenarisi – Azərbaycan savaşa sürüklənir?

Regionda, eləcə də dünyanın müxtəlif nöqtələrində vəziyyət getdikcə gərginləşir. İran-İsrail, Azərbaycan-Ermənistan, Qərb-Rusiya, Çin-ABŞ gərginliyi artan xətt üzrə gedir. Rusiya-Ukrayna müharibəsi də qlobal gərginliyi tətikləməkdə davam edir. Artıq diplomatların missiyası başa çatır, hərbi ritorika daha da önə çıxır.

Güclərin qarşıdurması, aralarındakı gərgin münasibət nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, genişmiqyaslı müharibənin başlayacağı inandırıcı deyil:

“Çünki dünyanın supergüclərində olan nüvə silahlarının istifadəsi dəhşətli problemlər yaradacaq. Buna isə heç bir ölkə getməz. Lakin lokal müharibələrin, toqquşmaların olması gözləniləndir”.

Politoloqun fikrincə, lokal müharibələrlə Rusiyanı zəiflətməyə çalışırlar:

“Suriyadan başlanan gərginlik Ukrayna ilə davam etdi. Ermənistanın silahlanması belə rəsmi Moskvaya qarşı hesablanıb. Qafqaz uğrunda müharibə başlayarsa, iştirakçılardan biri Azərbaycan olacaq.

Çinin də imkanları artdıqca maraqlarını yaymaq istəyi çoxalır. Buna baxmayaraq, ABŞ-Çin qarşıdurması gözlənilmir. Nüfuz dairələrinin bölünməsi danışıqlarla həllini tapacaq”.

Safura Bənnayeva
Globalinfo.az