Qadınları cinsi istismar edən “mənəvi təbiblər” haqda TÜKÜRPƏRDƏN FAKTLAR

BBC Ərəbcənin müxbiri gizli şəkildə işləyərək cinsi istismar hallarının nə qədər geniş yayıldığını araşdırıb

Globalinfo.az xəbər verir ki, araşdırma mənəvi təbiblik edən kişilər tərəfindən qadınlara qarşı gizli cinsi təcavüz və istismar aləmini ifşa edib.

“Qurani şəfa” kimi də tanınan mənəvi təbiblik ərəb və müsəlman dünyasında yayğın bir təcrübədir.

Mənəvi təbiblərə, əsasən qadınlar müraciət edir. Onlar inanırlar ki, beləliklə cin olduğu deyilən şər ruhlar qovulacaq, problem və xəstəliklərə çarə tapılacaq.

BBC-nin bir ildən artıqdır ki, topladığı 85 qadının ifadəsində Mərakeş və Sudanda tacizdən tutmuş, zorlamaya qədər müxtəlif ittihamlarla bağlı 65 təbibin adı qeyd olunur.

Biz aylarla QHT, məhkəmə, hüquqşünas və qadınlarla danışıb, onların cinsi istismar haqqında hekayələrini toplayıb yoxlamışıq. Araşdırmamız üçün gizli müxbirimizin özü də təbib müalicəsini yarımçıq tərk etməzdən əvvəl cinsi təcavüzə məruz qalıb.

Xəbərdarlıq: Aşağıdakı məzmun sarsıdıcı ola bilər!

Dalal (əsl adı deyil) bir neçə il əvvəl, 20 yaşlarında olarkən, Kasablanka yaxınlığındakı şəhərdə depressiyasının müalicəsi üçün mənəvi təbibə müraciət edib. Təbib depressiyaya qadının “cin sevgilisinin” səbəb olduğunu deyib.

Təkbətək görüş vaxtı qadından istənilib ki, o, müşk olduğu deyilən maddəni iyləsin. Lakin Dalal huşunu itirdiyi üçün həmin maddənin bir növ narkotik olduğunu düşünür.

Daha əvvəl cinsi əlaqədə olmayan Dalal deyir ki, ayılanda alt paltarının olmadığını görüb və zorlandığını anlayıb. O, raqiyə (Qurani təbib) qışqırıb və nə etdiyini soruşmağa başlayıb.

“Dedim ki, ayıb olsun! Başıma niyə belə iş açdın?” O isə qayıtdı ki, “cinlərin canından çıxması üçün etdim”.

O, utandığına görə və qınanılacağını bildiyi üçün başına gələnləri gizli saxlayıb. Bir neçə həftə keçəndən sonra isə, hamilə olduğunu öyrənəndə dəhşətə gəlib. O, hətta öz həyatına qəsd etməyi düşünüb.

Dalal hamiləliyi barədə söz açanda, təbib onun cindən hamilə qaldığını deyib.

Qadın yaşadığı təcrübədən dərin sarsıntı keçirdiyini deyir. O, körpəsi dünyaya gələndə ona baxmaqdan, qucağına almaqdan, hətta ad verməkdən imtina etdiyini və uşağı övladlığa verdiyini söyləyir. Onun sözlərinə görə, ailəsi onun başına gələnləri bilsə, onu öldürəcək.

Bizə danışan qadınların çoxu qorxur ki, təcavüz haqqında ərizə yazsalar, onların özünü ittiham edə bilərlər. Buna görə nəinki polis, öz ailələrinə belə, düzünü danışanların sayı cüzidir.

Bəziləri hətta qorxur ki, olanların üstünü açsalar, cinlər onlardan qisas ala bilər.

Sudanda Savsan adlı bir qadının dediyinə görə, onun həyat yoldaşı ikinci xanımı ilə yaşamaq üçün evini tərk edəndə (şəriətə görə onun buna haqqı var) o, kasıbladığını dərk edərək, kömək üçün təbibə müraciət edib.

Savsanın həyat yoldaşı ikinci xanımı ilə yaşamaq üçün evini tərk edəndə o, kömək üçün təbibə müraciət edib

Qadın ümid edirdi ki, ərinin münasibətini dəyişdirmək üçün ona müəyyən bir dərman verilə bilər. Hərçənd ki, ona təklif edilən müalicə daha ağlasığmaz olub.

“O, mənimlə cinsi əlaqədə olacağını və əmələ gələn bədən mayesindən ərimə veriləcək içki hazırlayacağını dedi”. Belə tövsiyə onun “qorxmadığını” göstərir.

“Yəni o, əmin idi ki, mən bu barədə nə polis, nə məhkəmə, nə də həyat yoldaşıma deyəcəyəm”.

Savsan təbibin qəbulundan dərhal çıxıb və bir daha geri qayıtmayıb. O, kişinin davranışı ilə bağlı ərizə yazmadığını deyir.

Sudanda istismar və ya təcavüz barədə danışdığımız 50 qadından üçü eyni ruhani liderin – Şeyx İbrahimin adını çəkir.

Adı açıqlanmayan qadınlardan biri isə cinsi əlaqəyə sövq edildiyini bildirir.

Afəf adlı daha bir qadın cinsi yaxınlıq istəyən şeyxi itələməli olub. O, özünü gücsüz hiss etdiyini deyir.

“İnsanlar şeyxlərin bu cür sözlərini, belə şeylər etdiyini qəbul etmirlər. Onlar buna inanmırlar. Mən necə şahid tapa bilərəm ki? Onunla məni otaqda görən olmayıb”.

Bu arada, komandamızla işləyən gizli jurnalist daha çox dəlil toplamaq üçün Şeyx İbrahimin yanına getməyə razılaşır. Reem adı ilə xitab etdiyimiz müxbir özünü sonsuzluqdan əziyyət çəkən müştəri kimi qələmə verir.

Şeyx İbrahim onun üçün dua edəcəyini və evdə içməsi üçün “şəfalı su”, yəni məhəyə hazırladığını bildirir. Reem-in daha sonra dediyinə görə, bundan sonra ona çox yaxın oturan şeyx əlini onun qarnını üstünə qoyub. Əlini çəkməsini istəyəndə, o, əksinə onu paltarın üstündən, bədənin aşağı hissəsinə, cinsiyyət orqanına uzadıb. Qadın dərhal otağı tərk edib bayıra qaçıb.

“O, məni həqiqətən də sarsıtdı. O, narahat görünürdü.”

Şeyx İbrahim xəstə adı ilə gələn BBC müxbirinə də toxunub

Qadın deyir ki, şeyxin davranışı göstərir ki, o, ilk dəfə deyil ki, belə hərəkət edir.

BBC Şeyx İbrahimi Reem-in başına gələnlərlə bağlı sorğu-sual edib. Şeyx ondan kömək istəyən qadınlara qarşı cinsi təcavüz və ya istismara yol verdiyini inkar edərək, müsahibəmizi qəfil bitirib.

İstismar riski olmadan mənəvi şəfa istəyənlərə alternativ təklif edən qadınlardan biri də Şeyx Fatimədir.

O, Xartum yaxınlığında təkcə qadınları qəbul edən müalicə mərkəzi açıb. 30 ildir ki, bura gələnlər digər qadınlardan ruqyə və ya müalicə ala biləcəyi nadir yerlərdən biridir.

Bizə bu məkana nadir giriş imkanı verildi. Buradakı qadınların ətrafla necə əlaqəni itirdiyini görmək mənə çox çətin gəlir. Şeyx Fatimə mənə qadınların belə vəziyyətdə necə həssas ola biləcəyini deyir ki, bu da digər təbiblərin onlardan faydalanmasına imkan yaradır.

“Bir çox qadın inanıb ki, şeyx toxunmaqla şeytanı çıxarıb. Onlar elə bilirdilər ki, bu, müalicənin bir hissəsidir”, – Şeyx Fatimə deyir.

“Bu qadınlardan eşitdiklərimiz insanı lərzəyə gətirir”.

Biz əlimizdəki dəlillərlə Mərakeş və Sudanın siyasi hakimiyyətinə müraciət etdik.

Sudanda İslam İşləri Nazirliyinin Ailə və Cəmiyyət şöbəsinin müdiri Dr. Aliyə Əbu Zeyd əvvəlcə inanmaq istəmirdi ki, bu qədər qadın təcavüz təcrübəsi ilə bağlı bizə məlumat verib.

Lakin daha sonra o, etiraf etdi ki, mənəvi təbiblik sahəsində tənzimləmənin olmaması “xaos yaradır” və bu, “işsizlər üçün bir peşə” kimi istifadə olunur. Rəsmi tənzimlənmə məsələsini keçmişdə araşdırsalar da, siyasi qeyri-sabitliyə görə, mövzunun prioritet sayılmadığını deyir.

Mərakeşin İslam işləri naziri Əhməd Tofiq mənəvi təbibliyə aid ayrıca qanunvericiliyin zəruri olmadığını hesab edir.

“Bu məsələlərə leqal şəkildə müdaxilə etmək çətindir. Bunun həlli yolları dini maarifləndirmə və təbliğatdan keçir”.

Topladığımız bütün dəlillərə baxmayaraq, Mərakeş və Sudan rəsmiləri tədbir görməyə həvəs göstərmirlər. Beləliklə, təbiblik peşəsinin arxasında gizlənənlərə qarşı yenə də qadınlar çıxmalı olur.