Qərb və Rusiya Cənubi Qafqazda sülh istəyir, yoxsa qan-qada? – politoloqun özəl şərhi

Beynəlxalq güclər Cənubi Qafqazda sülhün olmasına çalışdıqlarını deyirlər. Avropa Birliyi, ABŞ, Rusiya bu istiqamətdə sistemli iş apardıqları haqda bəyanatlar verirlər. Ermənistan və Azərbaycan liderlərini, XİN başçılarını gah Rusiyada, gah Avropa Birliyi məkanında, gah da ABŞ-da görüşdürürlər. Ən son belə görüş Soçidə, digəri Vaşinqtonda keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə bir araya gəldilər. Görüşdən sonra Putin açıqlamasında dedi ki, istədikləri nəticəni əldə edə bilmədilər.

Bundan sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ABŞ- da görüşdülər. Bu görüşün də xüsusi nəticəsi olmadı. Sadəcə nazirlər aralarında razılığa gəldilər ki, növbəti aylarda yenə bir araya gəlsinlər.

Qərb və Rusiya Qarabağ mövzusunda, Cənubi Qafqaz uğrunda bir-biri ilə yarışır. Artıq bunu ən ciddi ekspertlər də söyləyir.

Bəs hansı daha səmimidir? Qərb, yoxsa Rusiya? Bu qüvvələrdən hansı gerçəkdən də Qafqazda sülhün əldə olunmasını istəyir, bunun üçün çalışır?

Politoloq Qabil Hüseynli Globalinfo.az-a mövzunu şərh edərkən dedi ki, sülhyaratma prosesində Qərblə Rusiya arasında ciddi rəqabət var:

“Rusiya bu rəqabət prosesində özünün geosiyasi maraqlarını qabardır. Cənubi Qafqaza bir növ özünün arxa başçası kimi baxdığı üçün burada üstün haqlara malik olduğunu isbata yetirməyə çalışır. Qərb isə Rusiyanın bu bölgədən ayağını kəsmək, ümumiyyətlə onun beynəlxalq münasibətlərdəki münsiflik, vasitəçilik rolunu heçə endirmək və bütövlükdə ləğv etmək istəyir. Bu baxımdan da Rusiyanın təklif etdiyi sülhyaratma prosesi ilə Qərbin sülhyaratma prosesi arasında hissediləcək dərəcədə ciddi fərqlər var”.

Politoloq bildirib ki, Rusiya bölgədə ermənipərəst mövqeyini açıq surətdə büruzə verir:

“Rusiya bölgədəki silahlı qüvvələrini sülhməramlı adı altında ən azı 15-20 il müddətinə qoruyub saxlamaq istəyir və beləliklə, Azərbaycanın Qarabağ problemi ilə bağlı olan suveren hüquqlarına qəsd etmək planlarını indidən hədəfləyir. Qərb isə bölgədə sabitlik, əminamanlıq, dayanıqlılıq, sülh yaratmağa çalışır. Bu sarıdan Avropa İttifaqının vasitəçiliyi kifayət qədər qənaətbəxş sayılır. Üstəlik, ABŞ-ın da proseslərə qatılması və dəstək verməyə başlaması bu məsələnin surətləndirilməsi nöqteyi-nəzərdən diqqəti özünə çəkir.

Bütün bunları nəzərə alaraq demək lazımdır ki, Rusiyanın bölgədəki mövqeyi ilə onun Ukraynadakı mövqeyi arasında elə bir ciddi fərq yoxdur və neoimperialist zehniyyəti burada da özünü büruzə verməyə başlayır. Qərb isə problemi həll edib, illərdir davam edən münaqişə ocağını söndürmək və bölgədə əminamanlığa nail olmaq, əhalinin maddi rifahını qaldırmaq üçün bölgəyə müəyyən yardım proqramlarını həyata keçirmək və beləliklə dayanıqlı sülh yaratmağa çalışır. Fikrimcə, fərq göz önündədir”.

Gülnar Səlimova,

Globalinfo.az