Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə gedən rəsmilər üçün təhlükəsizlik qaydaları daha da sərtləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mozhem Obışeniya” nəşri məlumat yayıb. Qeyd olunub ki, artıq Kremlin rəhbəri ilə üzbəüz görüşdən əvvəl məmurlar yalnız telefonlarını deyil, həm də mexaniki saatlarını təhvil verməyə məcburdurlar.

Məsələ ilə tanış olan iki mənbə bildirib ki, yeni qaydalar aprelin ortalarından qüvvəyə minib. Mənbələrdən birinin sözlərinə görə, telefonlar çoxdan qadağan edilib, indi isə siyahıya saatlar da əlavə olunub.

Nəşr qeyd edir ki, bu dəyişiklik Kremlin son görüşlərinin videolarında da hiss olunur. Belə ki, Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov, Mordoviya rəhbəri Artem Zdunov və “KamAZ”ın baş direktoru Sergey Koqoqin Putinlə görüş zamanı saatsız görüntüləniblər.

Halbuki onlar digər rəsmi tədbirlərdə, o cümlədən Baş nazir Mixail Mişustinlə görüşlərdə daim saat taxırlar. Bununla belə, qaydaların Putinin ən yaxın çevrəsinə tam şamil olunmadığı bildirilir.

İkinci mənbənin sözlərinə görə, prezidentin etibar etdiyi şəxslər telefonlarını təhvil versələr də, saat məsələsində onlara daha yumşaq yanaşılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: