
Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın Ukraynada 30 günlük atəşkəs razılaşmasının əldə olunması ilə bağlı təklifinə cavabı gözləntiləri doğrultmadı. Kreml rəhbəri Rusiyanın iki şərtin icrası halında hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşa biləcəyini deyib. O bildirib ki, atəşkəs uzunmüddətli sülhə gətirib çıxarmalı və Ukrayna böhranının ilkin səbəblərini aradan qaldırmalıdır.
Bu açıqlama son zamanlarda Vaşinqton və Moskva arasında müşahidə olunan yaxınlaşmalar, o cümlədən aparılan müzakirələr fonunda diqqət çəkib. Rusiyanın ABŞ-ın təşəbbüsü ilə irəli sürülən bu təkliflə razılaşacağı iddia edilsə də, belə olmayıb. Prezident Donald Tramp administrasiyasının Moskvanın bu qərarına fərqli şəkildə cavab verəcəyi bildirilir.
Kremlin Vaşinqtonun təklifi ilə razılaşmamasına səbəb nədir? Ağ Ev nə kimi tədbirlər görə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ümumiyyətlə, mövcud mənzərə və atılan addımlar Trampın müharibəni bitirməkdə israrlı olduğunu göstərir:
“O, bunun üçün hər iki ölkədən olan həmkarı ilə təmasları davam etdirir. Bəs Tramp niyə müharibəni bitirmək üçün tələsir? Bunun fərqli səbəbləri ola bilər.
Birincisi, hazırda ABŞ üçün prioritet məsələ Yaxın Şərq regionudur. Ona görə də Şərqi Avropada sabitliyi təmin edib bütün diqqətini o bölgəyə yönəltmək istəyir.
İkincisi, Vaşinqton müharibə başa çatdıqdan sonra Ukraynada yenidənqurma mərhələsinin başlayacağını diqqətində saxlayıb və bunun üçün səbirsizlənir. Böyük ehtimal ABŞ Ukraynaya investisiya qoymaq niyyətindədir.
Üçüncüsü, Ağ Ev Kremllə münasibətləri normallaşdırmaq və beləliklə, müəyyən mənada iqtisadi əməkdaşlığa da rəvac vermək niyyətindədir. Eyni zamanda ABŞ Rusiya ilə “dost” olmaqla rəsmi Moskvanı Tehran və Pekindən ayırmağa çalışır. Bunun üçün isə müharibənin bitməsi şərtdir”.
Kənan Novruzov
Ekspertin sözlərinə görə, ABŞ savaşın başa çatması üçün bütün mümkün imkanlardan istifadə edir:
“Ukraynanı 30 günlük atəşkəsə razı salmaq da qeyd olunan səylərin tərkib hissəsi idi. Vaşinqton bunun üçün açıq və gizli təhdid vasitələrindən istifadə edib. Rusiyanın tərəddüdünün səbəbi isə güzəştə getmək istəməməsi ilə bağlıdır.
Məsələ burasındadır ki, Tramp çox ciddi oyun oynayır. Kiyevi həm atəşkəsə, həm də təbii sərvətlərin hasilatına dair sazişin imzalanmasına razı salır. Ukrayna çətin durumda olduğunu özü də başa düşür. Prezident Volodimir Zelenski administrasiyası bu gün konkret fakt qarşısında qalıb. Rəsmi Kiyevin iki yolu var. Bunlardan birincisi, ABŞ-la sazişi imzalamamaq, Vaşinqtona qarşı çıxmaq və nəticədə dəstəkdən məhrum olmaqdır. Belə olarsa, Ukrayna Rusiya ilə bacarmayacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, Tramp hakimiyyəti Kremlin “əlinə oynayır”.
İkinci variant isə Kiyevin Vaşinqtonla sazişi imzalaması və nəticədə dəstəyin bərpa olunmasıdır. Hərçənd bu, sadəcə Kiyevin ümid etdiyidir. Sənəd imzalandıqdan sonra ABŞ-ın mövqeyinin necə dəyişəcəyini indidən dəqiqləşdirmək çətindir.
Amma belə bir ehtimal da var: sazişin imzalanacağına dair əminlik yaranarsa, ya qollar çəkilməzdən əvvəl, ya da sonra ABŞ Ukraynaya müəyyən ərazilərini, xüsusilə təbii sərvətlərlə zəngin torpaqlarını azad etməyə kömək göstərə bilər. Beləliklə, Vaşinqton həmin torpaqların da təbii sərvətlərini mənimsəmiş olacaq. Rusiya, bəlkə də bunu anlayır və ABŞ-nı xeyrinə torpaq güzəştinə getmək istəmir. Lakin Tramp israr edərsə, Kreml məcbur olacaq”.
K.Novruzov bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvada Putinlə görüşmədən təcili Bakıya gəldiyinə dair iddialar yayılıb:
“İstisna etmirəm ki, ABŞ perspektivdə Azərbaycandan kömək istəyəcək. Çünki Bakı həm Moskva, həm də Kiyevlə normal əlaqələri olan və müəyyən təşəbbüslərlə çıxış etmək iqtidarına malik aktordur. Bu, Azərbaycanı ABŞ üçün vacib tərəfdaşa çevirir.
Fikrimcə, Rusiya çox tab gətirə bilməyəcək. ABŞ-ın neft-qaz qiymətlərini aşağı salması, Ukraynaya dəstəyi artırması Moskvanın müqavimətinin qırılması üçün kifayətdir”.
Turan Rzayev
Globalinfo.az