13:26
Kremlin sözçüsü Dmitri Peskov sonuncu açıqlamasında “dost olmayan ölkələrdə Kremlin işçilərinə təhlükə var” deyib. O konkret ölkə adı çəkməsə də aydın məsələdir ki, söhbət Qərb ölkələrindən gedir.
Ekspertlər deyir ki, bu, ciddi bəyanatdır və açıqca görünür ki, Putin və komandasına daxil olan əksər məmurlar ciddi təhdid altındadırlar.
Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehran şəhərində öldürülməsi Rusiyanı da narahat edir:
“İsmayıl Haniyə hər nə qədər HƏMAS lideri olsa da İrana bağlı kadr idi. Yəni İranla bağlı olan hər kəs bu gün potensial təhdid altındadır.
Əhəd Məmmədli
Mümkündür ki, Rusiyanın da İranla münasibətlərinin yaxşı olması səbəbindən Kremldə belə bir fikir ortaya çıxıb. Yəni İsmayıl Haniyədən sonra hədəf rus rəsmilər də ola bilər.
Rusiya həm də indidən özünü sığortalayır. Yəni sabah həqiqətən nə isə olsa, bu gün verilən bəyanatlar özünü doğruldacaq və Rusiya haqlı çıxacaq. Hələlik belə bir şey yoxdur. Ümumiyyətlə belə bir risk müzakirə mövzusu da deyil. Amma Kremldən gələn bəyanatlar diqqət çəkir.
Ümumiyyətlə bu günə qədər xarici ölkələrdə rus rəsmilərinə qarşı heç bir sui-qəsdə rast gəlinməyib. Əksinə, Kreml özü çeçen müxalifləri, habelə Putin rejiminə müxalif olanları aradan götürüb. Yəni Putinin adamlarından çox bu gün Putin əleyhdarları daha çox təhdid altındadır”.
Turan Rzayev
Globalinfo.az