putin 2 900x533 2

Rusiya Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində getdikcə daha ciddi çətinliklərlə üzləşir. Danışıqlar fonunda bu vəziyyət Kremlin münaqişəni uzatmaq imkanlarını xeyli məhdudlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat dərc edib.

Nəşrin mənbələrinə görə, Rusiya hökuməti hərbi xərclərin növbəti artımı fonunda planlaşdırılan büdcə kəsirinin aşılmasına hazırlaşır. Hazırda Moskva kəsiri ÜDM-in 1,6 faizi səviyyəsində saxlamaq üçün əlavə olaraq 1,2 trilyon rubl (təxminən 15,7 milyard dollar) həcmində gəlir mənbələri axtarır.

Vəziyyəti enerji ixracından gəlirlərin azalması, sanksiya təzyiqləri və rublun möhkəmlənməsi daha da ağırlaşdırır. Bu amillər neft və qazdan büdcəyə daxilolmaları azaldır.

Rusiyanın “Urals” markalı neftinin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən aşağı qalır, rublun məzənnəsi isə proqnozlaşdırılandan xeyli güclüdür. Bu şəraitdə neft-qaz gəlirləri gözlənilən 2 trilyon rubldan (təxminən 26 milyard dollar) çox az ola bilər ki, bu da büdcə kəsirini daha da dərinləşdirir.

Formal olaraq büdcə kəsiri hələlik nisbətən mülayim sayılsa da, ötən il Kreml büdcə göstəricilərini kəskin şəkildə yenidən nəzərdən keçirməyə məcbur olub. Çatışmayan vəsait əsasən rekord həcmdə daxili borclanma hesabına qarşılanır. Bu da getdikcə daha baha başa gəlir.

İqtisadi təzyiqlərə baxmayaraq, Kreml Ukrayna üzrə danışıqlarda ərazi tələblərini azaltmağa hazır görünmür və Donbasın verilməsində israr edir. Eyni zamanda, mənbələr qeyd edirlər ki, büdcə məhdudiyyətləri, sanksiyalar və enerji gəlirlərinin qeyri-müəyyən perspektivləri Rusiyanın mövqelərini tədricən zəiflədir və müharibəni ciddi daxili iqtisadi nəticələr olmadan davam etdirmək üçün Kremlin imkanlarını daraldır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: