Pulsuz dərmanların siyahısı

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz fəaliyyəti ilə bağlı illik hesabat və strateji hədəflər barədə brifinq keçirib. Brifinqdə agentliyin sədri Zaur Əliyev bu sahədə baş verən bir çox yeniliklərdən söz açıb.

Globalinfo.az yeniliklərin bir neçəsini təqdim edir:

Ambulator şəraitdə dərman təminatı.

Belə ki, sədr ambulator şəraitdə dərman təminatı Xidmətlər Zərfinə daxil olması barədə işlərin getdiyini deyib. Onun sözlərinə görə, mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur.

İcbari tibbi sığorta ilə qarşılanan dərman vasitələrinin siyahısı.

Bu layihə ilə ilk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəflənib.

Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək.

Vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik.

Agentlik sədri bildirib ki, əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir.

Məsələn, əvvəlki qaydaya görə, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən (məsələn, Mingəçevir) həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi.

Hazırkı qaydaya görə isə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən (pasiyentin seçiminə əsasən məsələn, Şəkidəki) Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir.

Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlüyü ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir.

Digər yenilik ondan ibarətdir ki, vətəndaş seçdiyi digər TƏB-dəki dövlət tibb müəssisəsində (məsələn, Mingəçevirdə) xidmətdən yararlana bilmirsə (tibbi avadanlığın işlək vəziyyətdə olmaması, müalicə həkiminin işdə olmaması, fors-major hallar və s.) bu zaman müalicə həkimi tərəfindən həmin TƏB-in ərazisində yerləşən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndərilir (yəni vətəndaş yenidən öz yaşadığı əraziyə qayıtmadan xidmətdən yararlanır).