Prezidentin vəzifədən çıxardığı Cahangir Əsgərov kimdir? – 27 illik hekayənin sonu / DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Globalinfo.az Cahangir Əsgərovun dosyesini təqdim edir:

Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olub. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib.

1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.

1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.

Cahangir Əsgərovun Azərbaycan Respublikası mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə dövlət tərəfindən əməyi qiymətləndirib. 2010-cu ildə “Şöhrət” ordeni, 2020-ci ildə Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev 2020-ci ilin avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə zamanı AZAL-ın fəaliyyətini tənqid edib:

“Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”.

Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva

Xatırladaq ki, 2002-ci illin 23 oktyabrında Moskvanın Dubrovka rayonunun “Nord-Ost” kinoteatrına terrorçuların hücumu zamanı girov götürülən 900 nəfər arasında 4 nəfər Azərbaycan vətəndaşı, o cümlədən “Azərbaycan Hava Yolları” Aviaşirkətinin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva və qohumları da olub.

O zaman çeçenlərlə danışıqlara gedən C.Əsgərov AZAL-ın Moskvadakı nümayəndəsi Eldar Hacıyevlə birlikdə öz həyat yoldaşını və digər ailə üzvlərini girovluqdan qurtara bilmişdi. Terrorçular azərbaycanlı girovların hamısını oktyabrın 24-də axşam saatlarında azadlığa buraxmışdılar.

AZAL-ın Müşahidə Şurasının iclası

2021-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cahangir Əsgərov arasında maraqlı dialoq olmuşdu.

Belə ki, oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZAL-ın baş direktoru Cahangir Əsgərova bığ saxlamadığına görə irad tutmuşdu.

C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi. Və sonra AZAL-ın Müşahidə Şurasının iclasında çəkilən və fotoda isə artıq C. Əsgərovun bığ saxladığı məlum olmuşdu.

Qeyd edək ki, Cahangir Əsgərovun işdən çıxarılacağı ilə bağlı bu ilin əvvəlindən başlayaraq mediada və sosial şəbəkələrdə məlumatlar paylaşılırdı.

Saytımız yazmışdı ki, AZAL-da total yoxlamalar aparılır. Oradakı etibarlı mənbələrə əsasən sözügedən məlumatda qeyd eləmişdik ki, Cahangir Əsgərovun bu illər ərzində yol verdiyi nəhəng yeyintini aşkarlamaq və onun miqyasını müəyyən eləmək üçün bir neçə dövlət qurumu AZAL-da yoxlamalar aparır. Görünür artıq bu yoxlamaların nəticələri bəlli olduğundan Cahangir Əsgərovla bağlı son qərar verilib.

Globalinfo.az