Prezident İlham Əliyev son zamanlar insanları narahat edən məsələ ilə bağlı son nöqtəni qoyub. Belə ki, ölkə başçısı Bakıda COP29 keçirilən günlərdə məhdudiyyətlər tətbiqini qadağan edib. Bu barədə prezidentin köməkçisi Anar Ələkbərov jurnalistlərlə görüşdə deyib.
Bunu şərtləndirən nədir?
Xatırladaq ki, bu vaxta kimi ictimaiyyət və bir çox ekspertlər bunun əksini deyir, qadağaların tətbiq olunacağını iddia edirdi.
İndi isə ictimaiyyəti düşündürən bir sual qalır: COP29 ərəfəsində yol hərəkəti hansı formada tənzimlənəcək?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, əvvəlki dövrdə bu cür tədbirlər keçirilərkən şəhər əhalisi müəyyən çətinliklər yaşayırdı.
Deputatın fikrincə, qadağalar, məhdudiyyətlər insanlarımız üçün bir sıra problemlər yaradır:
“Bu, asan məsələ deyil. Məhdudiyyətlər insanların işə getməsi, gəlməsi və digər məsələlərə bağlı problemləri də özü ilə bərabər gətirirdi. Ona görə də belə bir qərarın qəbul edilməsi vətəndaşların vəziyyəti ilə bağlıdır. Yəni dövlət məqsədli şəkildə bu cür addım atıb və qərar qəbul edib. Qərarın qəbul edilməsi tədbir vaxtı insanların şəhərə rahat gediş-gəlişinin təmin edilməsinə hesablanıb”.
Ceyhun Məmmədov
C.Məmmədovun sözlərinə görə, dövlətimiz tədbir zamanı əhali və iş adamlarının bu prosesdə çox əziyyət çəkməməsi üçün çalışır:
“Qadağaların tətbiq edilməməsi şəhərin ümumi mühitinə xələl gəlməsin deyə atılan addımdır. Çünki nəzərə almalıyıq ki, insanlar çalışırlar, iş adamları, müəssisələr, müəyyən strukturlar var. Onların da vəziyyəti nəzərə alınaraq belə bir qərar qəbul edilib. Hesab edirəm ki, bu, olduqca vacib bir qərardır. Hətta deyərdim, insanların aqibəti, real halı nəzərə alınaraq atılmış önəmli addımlardan biridir. Ona görə də cəmiyyət bunu yüksək qiymətləndirməlidir. Ümumilikdə isə hər birimiz ölkəmizin bu tədbiri yaxşı keçirməsi üçün səylərimizi əsirgəməməliyik”.
Nəqliyyat eksperti Rövşən Həsənov deyib ki, bu vaxta kimi ölkəmizdə müxtəlif tədbirlər keçirilib:
Rövşən Həsənov
“Bundan öncə keçirilən tədbirlər zamanı çağırış olunurdu ki, şəhərin mərkəzinə şəxsi avtomobillə daxil olmasınlar. Bəzi küçələrdə qismən məhdudiyyətlər ola bilər. Amma bu o demək deyil ki, yollar tamamilə bağlanacaq. Lakin sürücülər müvəqqəti olaraq alternativ yollardan istifadə etmək məcburiyyətində qalacaq. Ən azı ona görə ki, digər dövlətlərdən çoxlu sayda nümayəndələr gələcək. Yəqin tədbirə bir neçə gün qalmış sürücülərə mütəmadi məlumatlar veriləcək ki, alternativ küçələrdən istifadə edilsin. O da qonaqların müəyyən bir hissələrdə, məsələn, otellərə getdiyi yollarda və s. qısamüddətli məhdudiyyət yarana bilər”.
Zaira Akifqızı
Globalinfo.az