“Cənab Prezident tərəfindən sosial paketlə bağlı artıq müvafiq tapşırıqlar verilib. Ölkə başçısının bəyan etdiyi kimi, gələn il Azərbaycanda növbəti sosial islahat paketi həyata keçiriləcək”.
Bu sözləri Globalinfo.az-a əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 tədbiri zamanı deyib.
O bildirib ki, son 5 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük sosial islahat paketi həyta keçirilib:
“4 milyondan çox əhalimiz bu paketlər çərçivəsində əhatə olunub. Vətəndaşlarımıza illik əlavə 7 milyard manatdan artıq ödəniş edilir. Həm minimum pensiyalar orta hesabla 2.7 dəfə, minimum əməkhaqqı 3 dəfəyə yaxın, orta aylıq əməkhaqqımız isə 2 dəfəyə yaxın artıb. Cənab Prezident tapşırıq verib və növbəti il üçün sosial islahat paketi hazırlanıb. Gələn il minimum əməkhaqqı və minimum pensiyaların artımı gözlənilir. Hazırda dövlət büdcəsinin layihəsi Milli Məclisdə müzakirə olunduğu üçün düşünürəm ki, yekunda müvafiq rəqəmlərlə bağlı da məlumat veriləcək”.
S.Babayev müharibə iştirakçılarının təqaüdünün artırılması məsələsinə toxunub:
“Sosial paket müzakirədədir. Müzakirə etmədən hər hansı tərkib hissəsi barədə məlumat vermək doğru olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək”.
Zaira Akifqızı
Globalinfo.az