prez q

Azərbaycan Prezidenti İlham Əliyev türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əziz Qardaşım,

Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Otuz il əvvəl dünya birliyi tərəfindən Türkmənistanın daimi bitərəflik statusunun tanınması ölkənizin dinamik və dayanıqlı inkişafına təkan verən və beynəlxalq aləmdə nüfuzunu gücləndirən mühüm hadisə və böyük tarixi nailiyyət idi.

Türkmənistanın daimi bitərəflik siyasətinin mahiyyəti xalqınızın çoxəsrlik humanizm, sülhsevərlik və mənəvi-əxlaqi fəlsəfəsindən qaynaqlanır. Bu gün Türkmənistanın geniş beynəlxalq əməkdaşlığa yönəlmiş konstruktiv təşəbbüsləri qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, humanist dəyərlərin təşviqi kimi nəcib məqsədlərə xidmət edir. Eyni zamanda ölkəniz sülhsevər doktrinasını qlobal səhnədə fəal şəkildə təbliğ edərək qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə beynəlxalq dialoqun güclənməsinə töhfə verir.

Azərbaycan qardaş və mehriban qonşu olan Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin, qardaşlığımızın möhkəmlənməsi istiqamətində şəxsən Sizin davamlı və qətiyyətli səylərinizi xüsusi qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Sizin bu il ərzində Azərbaycana iki səfərinizi, mənim də avqust ayında füsunkar Avazaya səfərimi, Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi və söhbətlərimizi ən xoş təəssüratlarla xatırladığımı bildirirəm.

Əminəm ki, Azərbaycan-Türkmənistan qardaşlıq bağlarını daha da möhkəmləndirmək və çoxşaxəli əməkdaşlığımızı yeni mərhələyə yüksəltmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, bu bayram günündə bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***12:24

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb.

Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.

Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunan dövlət başçısı Azərbaycan nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında imzalanmış Anlaşma Memorandumunu əməkdaşlığımızın növbəti göstəricisi kimi qiymətləndirib.

Prezident Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasında Türkmənistanın birmənalı və tam dəstəyinə görə təşəkkürünü bildirib.

Dövlət başçısı salamlarını və Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefon zənginə və salamlara görə minnətdarlığını bildirib.

Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı başsağlığını çatdıraraq, onun böyük şəxsiyyət olduğunu və xatirəsini dərin hörmətlə andığını vurğulayıb.

Türkmənistan Xalq Məsləhətinin sədri Ümumilli Liderin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolunun olduğunu qeyd edib.

O da öz növbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərini, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşünü çox yüksək qiymətləndirərək, imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını deyib.

Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması münasibətilə təbriklərini çatdıraraq, Türkmənistanın həmişə bu məsələni dəstəklədiyini vurğulayıb.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

Paylaş: