abs iran

CBS telekanalı ABŞ administrasiyasının yaxın 3 gün ərzində İrana qarşı mümkün yeni hərbi əməliyyatlara hazırlaşdığını açıqlayıb.

Məlumata görə, Pentaqon və ABŞ kəşfiyyat icmasının bəzi nümayəndələri mümkün hücum ehtimalına görə mayın 25-də qeyd olunacaq Anım Günü münasibətilə nəzərdə tutulan üç günlük istirahət planlarını ləğv ediblər.

Pentaqon və kəşfiyyat rəsmilərinin ABŞ-ın xarici obyektlərindəki şəxsi heyətinin siyahılarını yeniləməyə başladığı bildirilir.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, ABŞ administrasiyasının yaxın günlərdə İrana qarşı mümkün yeni hərbi əməliyyatlara hazırlaşdığı barədə yayılan məlumatlar Vaşinqtonun bölgə ilə bağlı siyasətində yenidən sərt güc strategiyasına üstünlük verməyə başladığını göstərir:

“Xüsusilə ABŞ müdafiə və kəşfiyyat strukturlarında fövqəladə hazırlıq elementlərinin aktivləşdirilməsi, bəzi yüksək rütbəli rəsmilərin planlaşdırılmış istirahətlərini ləğv etməsi və xaricdəki hərbi obyektlər üzrə təhlükəsizlik prosedurlarının yenilənməsi vəziyyətin adi siyasi ritorikadan daha ciddi mərhələyə keçdiyini göstərən əlamətlərdir.

Vaşinqton İranla bağlı diplomatik kanalların nəticə vermədiyini düşünür və təzyiq mexanizmlərini artırmağa çalışır. ABŞ burada tammiqyaslı müharibədən daha çox “məhdud və yüksək dəqiqlikli hərbi zərbələr” modelinə üstünlük verə bilər. Əsas məqsəd İranın raket infrastrukturu, pilotsuz uçuş aparatları proqramı və SEPAH-a bağlı regional hərbi şəbəkələrinə mesaj verməkdir. Bu, eyni zamanda İranın Yaxın Şərqdə artan təsir imkanlarını məhdudlaşdırmaq cəhdi kimi də qiymətləndirilir.

vuqar ziferoglu esas
Vüqar Zifəroğlu

Digər mühüm məqam ondan ibarətdir ki, hazırkı İran əvvəlki illərlə müqayisədə daha geniş cavab potensialına malikdir. Tehran təkcə birbaşa hərbi reaksiya deyil, həm də regiondakı proksi qüvvələr, enerji marşrutları və kiber imkanlar vasitəsilə cavab verə bilər. Xüsusilə İraq, Suriya, Livan və Qırmızı dəniz xətti boyunca ABŞ və müttəfiqlərinin maraqları risk altına düşə bilər. Bu səbəbdən Pentaqonun xaricdəki obyektlər üzrə personal və təhlükəsizlik siyahılarını yeniləməsi mümkün cavab ssenarilərinə hazırlıq kimi görünür.

Hazırda əsas diqqət çəkən məqamlardan biri ABŞ-ın “nəzarətli eskalasiya” siyasəti yürütməsidir. Vaşinqton İran üzərində hərbi və psixoloji təzyiq yaratmağa çalışsa da, regionu genişmiqyaslı müharibəyə sürükləməyin nəticələrinin çox ağır olacağını anlayır. Çünki belə bir qarşıdurma Hörmüz boğazında təhlükəsizlik böhranına, neft qiymətlərinin kəskin artımına və İsrail-İran qarşıdurmasının yeni mərhələyə keçməsinə səbəb ola bilər.

Bu vəziyyətin regional təsirləri də kifayət qədər genişdir. Körfəz ölkələri artıq təhlükəsizlik risklərini yenidən qiymətləndirməyə başlayıb. Çin və Rusiyanın da İran məsələsində daha açıq siyasi mövqe sərgiləməsi mümkündür. Belə bir şəraitdə Yaxın Şərqdə yeni geosiyasi qütbləşmə mərhələsinin formalaşdığı müşahidə olunur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: