Globalinfo.az Türkiyənin Vətən Partiyasının (keçmiş İşçi Partiyası) lideri Doğu Perinçəkdən müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
– Cənab Doğu Perinçək, siz bir qədər əvvəl açıq şəkildə NATO-ya meydan oxudunuz və bu məsələdə aydın mövqe nümayiş etdirdiniz. Sizcə, NATO-Türkiyə münasibətlərində ictimaiyyətin bilmədiyi hansı gizli proseslər baş verir?
– Əvvəlcə Azərbaycan xalqımızı, can Azərbaycanı ürəkdən sayqı və sevgiylə salamlayıram.
NATO hazırda Türkiyə sərhədlərində təlimlər keçirir. Dedeağaç, Gümülcinedən Baltik dənizinə qədər uzanan ərazidə səkkiz NATO ölkəsi ABŞ-ın komandanlığı altında bu təlimdə iştirak edirlər. Və bu təlimin hədəfi Türkiyədir. Vətən Partiyası da dünən və sırağagün Ədirnədə yürüş və mitinqlə Dedeağaçdakı bu təlimə qarşı xalqı ayağa qaldırıb səfərbər etməklə çox uğurlu bir mitinq təşkil etdi. NATO-nun məlum bir istiqaməti var: dövlətlər arasında Şimali Atlantik təşkilatlanması. Amma eyni zamanda, NATO-nun gizli təşkilatlanması var. Yəni hər NATO ölkəsi təşkilata üzv olarkən gizli bir NATO təşkilatlanmasını da qəbul etmiş olur. Buna İtaliyada “Gladio” deyirlər, Yunanıstanda başqa ad verirlər. NATO-nun bu gizli təşkilatları, eyni zamanda NATO ölkələrini Amerika adından idarə edirlər.
Türkiyə keçmişdə bu təsirə ən çox məruz qalan ölkədir. 1971-ci il 12 mart çevrilişi NATO tərəfindən həyata keçirildi, 1980-ci il 12 sentyabr və ən son 2016-cı il 15-16 iyul çevrilişi bir NATO çevrilişi idi. Orada Türkiyə Silahlı Qüvvələri və türk polisinin və türk məhkəmə sistemi daxilində NATO-nun qüvvələrini gördük. Bu, məsələnin gizli tərəfidir.
Türkiyə bu sahədə çox böyük uğur qazandı. 2016-cı il 15 iyul çevrilişinin qarşısının alınmasında Vətən Partiyası çox mühüm vəzifəni yerinə yetirdi. 2016-cı il çevrilişindən sonra türk ordusu müəyyən mənada müstəqil oldu. Bunun başlanğıcı kimi biz 2014-cü ilin mart ayında Silivri həbsxanasının divarlarını müəyyən mənada yıxaraq, həm özümüz müstəqil olduq, həm də Türkiyə Silahlı Qüvvələrinin Komandanlıq Akademiyasını azad etdik. Vətən Partiyası bu mübarizəyə başçılıq edib. Türkiyə ordusunun müstəqil olması nəticəsində daha sonra Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı”, “Zeytun budağı”, “Barış pınarı” və “Pəncə-Kilit hərəkatı” kimi əməliyyatlarla ABŞ-ın rəhbərliyi altında olan terrorçu təşkilatlara qarşı çox mühüm uğurlar qazandı. Bununla NATO-nun gizli təşkilatlanması – “Gladio”ya ağır zərbələr endirildi. Türkiyə Silahlı Qüvvələrinin içindən 24 min NATO-çu zabit, 30 min polis saxlanıldı və bir qismi həbs edildi. Dövlətin içindən cəmi 140 min civarında işçi heyəti saxlanıldı. NATO ölkələri arasında bu təşkilatı öz silahlı qüvvələrinin daxilindən təmizləyən yeganə ölkə, demək olar ki, Türkiyədir.
– Türkiyə PKK təhlükəsini birdəfəlik aradan qaldırmaq üçün hansı addımları atmalıdır? PKK həqiqətən bitdimi?
– PKK Türkiyəyə görə əsasən əzildi, yatırıldı. Ən son 25 fevral 2025-ci ildə Abdullah Öcalanın yazdığı məktub, etdiyi açıqlama çox əhəmiyyətlidir. Orada PKK-nın silahı yerə qoyması, özünü ləğv etməsi PKK qurultayından istənilir. Amma Abdullah Öcalanın bunu xüsusilə dövlət və cəmiyyətinə inteqrasiya etmək məqsədilə etməsi istənilir. Bu, məsələnin köklü şəkildə həllidir. Vətən Partiyası da bu strateji hədəfə yönəlib. Yəni PKK-nın yalnız silahı yerə qoyması və özünü ləğvi deyil, dövlət və cəmiyyətə inteqrasiyası ilə daimi həllinə nail olmaq. ABŞ və İsrail bunun qarşısını almaq istəyir. Ona görə də bu mürəkkəb prosesdir və hələ davam edir.
Türkiyə, təəssüf ki, bəzən ABŞ və İsrailin təsiri ilə bu məsələdə qətiyyətli bir şəkildə çıxış edə bilmir. Çünki Vətən Partiyasının dəstəklədiyi dövlət və cəmiyyətinə inteqrasiya etmə strategiyasını prioritet hesab etmir. Amma Vətən Partiyası olaraq PKK-nın silahı təhvil verməsi və ləğvi prosesində ən öndə mübarizə aparırıq.
– Türkiyə-Azərbaycan ittifaqı türk dünyasının birləşməsində model ola bilərmi? Türk dünyası öz təhlükəsizliyini necə təmin etməlidir?
– Türkiyə-Azərbaycan ittifaqı, əlbəttə ki, çox önəmlidir. Türk dünyası iki əhəmiyyətli qurumda çox ciddi rol oynayır. Birincisi Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Bu təşkilatın qurucuları arasında Qazaxıstan, Qırğızıstan vardı və sonra digər türk dövlətləri də qatılaraq üzvlüyə namizəd oldular. Təşkilatda türk dövlətləri və türk dünyası mühüm çəkiyə malikdir.
İkincisi isə BRİCS-dir. Orada da Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika var. Lakin BRİCS-ə də türk dövlətlərinin addım-addım üzv olduqlarını görürük. Beləliklə, ŞƏT və BRİCS-də iştirak edən türk dövlətləri türk dünyasının birləşəcəyi təməli hazırlayır.
Türk dünyası ancaq Asiyaya inteqrasiya edə bilər. ABŞ rəhbərliyi altında türk dünyası inteqrasiya edə bilməz. Amerika və Avropa türk dünyasına bölücü təsirlər göstərə bilər. Məsələn, ən son KKTC-ni Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan tanımayaraq Cənubi Kipri tanıması tamamilə Qərbin təsiri ilə baş verib. ABŞ və Avropa türk dünyasını bölməyə çalışır. Bu baxımdan ancaq Qərb imperialistlərinə qarşı qətiyyətli mövqe ortaya qoyaraq və Asiya fonunda BRİCS və ŞƏT-dəki rolları türk dünyasını gücləndirib, birləşdirə bilər.
– Doğu bəy, son dövrlər Türkiyə və Azərbaycan ictimaiyyətində Şah İsmayılla bağlı müzakirələr gündəmə gəlib. Çaldıran döyüşü və Şah İsmayıl Xətai haqqında fikirlərinizi bilmək istərdim. Bəzən iki türk hökmdarını bir-birinə qarşı qoyurlar. Türk birliyinin həyati əhəmiyyət kəsb etdiyi bir dövrdə bu nə dərəcədə doğrudur?
– Şah İsmayıl bizim türk dilimizin ən böyük şairlərindən biridir. Şah İsmayıl Səfəvi dövlətinin başında duran böyük hökmdarımızdır. Eyni zamanda, o, Yunus Əmrə səviyyəsində çox güclü şairimizdir, böyük ziyalıdır, çox igid insandır. Onun belə bir bəndi var:
Bunda kibir, kin olmaz,
Hem sen olup, hem ben olmaz.
Adem öldürsen kan olmaz,
Nefis öldürsen kan olur.
Yəni təkəbbür və kini rədd edən və insan öldürdüyü zaman bir şey öldürmüş olmazsan, amma nəfsini, yəni daxilindəki mənfəətçiliyi öldürsən, o zaman bax, bir işə yaramış olarsan, yanlış olan bir şeyi öldürmüş olarsan. Şah İsmayılın bu nəfsə və mənfəətçiliyə qarşı, öz içindəki heyvani duyğulara təslim olmağa qarşı fəlsəfəsi, şeirləri fövqəladə gücə malikdir. Bundan əlavə, bir türk hökmdarıdır. Çaldıran döyüşündə da ordusu önündə süvari qüvvələrinin başında çox qəhrəmancasına döyüşmüşdür. Yavuz Səlimlə Şah İsmayıl arasındakı o savaşlarda hər iki tərəfdə də həyatını itirənlər nəticə etibarilə bizim soydaşlarımızdır, türklərdir. Bu baxımdan, biz o döyüşlərdə konkret bir tərəf tutmuruq. Amma feodal imperatorlar arasında o zaman hakimiyyət mübarizələri olurdu. Bu da təəssüf ki, tarixi həqiqətdir. Amma biz Şah İsmayılın Xətai təxəllüsü ilə fəlsəfəsi, sosiallığı, bölüşməyi, qardaşlığı dəstəkləyən mədəniyyətini qəbul edirik. Bunlar Şah İsmayılın gələcəyə ötürdüyü çox önəmli dəyərlərdir. Tarixdə baş vermiş münaqişələrdə mövqe tutmaq realist yanaşma deyil. Çünki o geridə qaldı. İndi bizim Türkiyə-Azərbaycan, Türkiyə-İran və Türkiyə-Azərbaycan-İran dostluğu həyati əhəmiyyət daşıyır. Bu baxımdan, türklər arasında da münaqişəyə qarşıyıq. Eyni zamanda Türkiyədə farslar, İranlılar arasında mübarizənin də təmamilə Amerika və İsrailin işinə yarayacağını çox yaxşı bilirik.
Türk dünyası yüksələn Asiya sivilizasiyasının aparıcı mövqelərində olacaq. Bu gün yeni bir sivilizasiya yüksəlir. Artıq Qərb imperializmi dövrü keçib. Görünən odur ki, türk dünyası çinlilər, hindlilər, farslar və ruslarla birlikdə öncül mövqelərdə olacaq. Biz bu tarixi məsələdə birləşməliyik, birləşəcəyik və yeni sivilizasiyanın liderlərindən biri olacağıq.
Azərbaycan xalqına səmimi sevgi və hörmətimizi çatdırırıq.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul