Ramzan Kadırovun oğlu Adam Çeçenistanda “K-13 Komandası” adlı yeni güc dəstəsi formalaşdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Verstka” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, dəstənin 18 silahlı üzvünün əksəriyyəti Kadırov ailəsinə yaxın şəxslərdən, eləcə də Çeçenistanın yüksəkvəzifəli məmurlarının və güc strukturları rəhbərlərinin övladlarından ibarətdir. Onların arasında Çeçenistanın baş nazirinin oğlu, nüfuzlu rəsmilərin qardaşı oğulları, həmçinin Ramzan Kadırovun və həyat yoldaşının qohumları da var.
“Verstka”nın məlumatında dəstəyə üzv seçilməsində ailə əlaqələrinin mühüm rol oynadığına işarə edilir. Bildirilir ki, “K-13 Komandası”nın üzvləri istənilən vaxt və istənilən yerdə verilən əmrləri yerinə yetirməyə hazır olduqlarını bəyan ediblər.
Bununla belə, yeni yaradılan dəstənin konkret hansı vəzifələri yerinə yetirdiyi və fəaliyyət istiqamətinin nədən ibarət olduğu barədə açıq məlumat yoxdur.