pensiya manat qoca 1

2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır. Qanunvericiliyə görə, 2006-cı il yanvarın 1-dək olan hər il iş stajına görə müəyyən məbləğdə pensiya kapitalı hesablanır və sonradan indeksləşdirilir.

2006-cı ildən əvvəlki iş stajı pensiya kapitalına necə çevrilir? Bu, gələcək pensiyanın məbləğinə necə təsir edir?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, 2005-ci ilin sonunadək olan dövr üzrə pensiya hesablanarkən vətəndaşın topladığı pensiya kapitalı yox, iş stajı nəzərə alınır:

“Həmin dövr üçün hər il iş stajına görə 306 manat məbləğində şərti pensiya kapitalı hesablanır. Məsələn, şəxs 2006-ci ilədək yeddi il işləyibsə, onun üçün 7 × 306 manat, yəni 2142 manat pensiya kapitalı müəyyən edilir. 2006-cı ildən sonrakı dövr üzrə isə vətəndaşın fərdi hesabında toplanan və indeksləşdirilən pensiya kapitalı nəzərə alınır. Bu məbləğlər şəxsin fərdi pensiya hesabına əlavə olunur”.

elcin 1 1 1

Elçin Rəşidov

İqtisadçı bildirib ki, yaşa görə əmək pensiyası təyin edilərkən fərdi hesabda toplanmış ümumi pensiya kapitalı 144 aya bölünür:

“Bu da 12 illik dövrə uyğun ayların sayıdır. Nəticədə əldə olunan məbləğ vətəndaşın aylıq pensiyasını təşkil edir. Beləliklə, pensiya məbləği hesablanarkən 2006-cı ildən əvvəlki dövr üzrə iş stajına görə hesablanan şərti kapital və 2006-cı ildən sonrakı dövrdə toplanmış faktiki pensiya kapitalı birləşdirilir. Bu səbəbdən, xüsusilə 2006-cı ildən əvvəl uzunmüddətli əmək stajına malik olan şəxslərin pensiya məbləği daha yüksək olur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: