Hərbi ekspert Üzeyir Cəfərov iddia edib ki, pensiyalar qəsdən gecikdirilir, bunun səbəbi isə ümumi pensiya məbləğinin üzərinə faiz gəlməsidir. Onun sözlərinə görə, vətəndaşa pulu gec verirlər, yığılan faizi isə kimlərsə mənimsəyir.
Bu iddia nə dərəcə əsaslıdır?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, səsləndirilən fikir iqtisadi baxımdan müəyyən qədər məntiqlidir, ancaq məsələnin hüquqi tərəflərinə də baxmaq lazımdır:
“Nəzəri olaraq, hər hansı bir məbləğdə pulun ödənişinin bir neçə gün belə təxirə salınması, həmin vəsaitdən əlavə faiz gəliri əldə etmək hüququ yaradır. Məsələn, vəsait qısamüddətli depozitlərdə, xəzinədarlıq əməliyyatlarında və ya bank hesablarında saxlanılırsa, müəyyən faiz gəliri yaranır. Lakin DSMF-in pensiya ödənişləri üçün ayrılmış vəsaiti hansı hesablarda saxladığına, dövlət büdcəsindən transfertlərin hansı tarixlərdə həyata keçirildiyinə və həmin dövrdə faktiki faiz gəlirlərinin yaranıb- yaranmadığına dair açıq mənbələrdə məlumat yoxdur. Bu məlumatlar olmadan pensiyalar üzrə faizlərin mənimsənildiyi nəticəsinə gəlmək hüquqi baxımdan doğru olmaz”.
Pensiyaların gecikdirilməsinə gəlincə, Vüsalə Əhmədova bildirib ki, baxdığı normativ sənədlərdə pensiyaların hansı günə qədər ödənilməli olduğu barədə konkret tarix göstərilmir:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.1. maddəsinə görə, “əmək pensiyalarının əhaliyə ödənilməsi qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir”. Göründüyü kimi, ödəniş qrafikini müəyyən etmək səlahiyyəti pensiyanı təyin edən orqana, yəni DSMF-yə verilib. DSMF-in rəsmi açıqlamasında isə aylıq sosial ödənişlərin, o cümlədən də, pensiyaların aid olduğu ayın sonuna qədər ödənilməli olduğu qeyd edilir. Hazırda pensiyalar Bakı, Sumqayıt və Abşeron üzrə adətən ayın 8-15-i aralığında, digər rayon və şəhərlərdə isə ayın 20-28-i aralığında ödənilir. Yəni əgər DSMF Bakı üzrə ödənişi ayın 12-də, rayonlar üzrə ayın 24-də həyata keçirirsə, bu, öz-özlüyündə qanun pozuntusu sayılmır. Çünki qanunda konkret tarix yoxdur. Bütün pensiyalar ay tamam olmadan ödənildiyi üçün DSMF özü də bunu “gecikmə” hesab etmir”.
Məsələ ilə bağlı Globalinfo.az Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan iddia tamamilə əsassızdır:
“Pensiyaların ödənişində gecikdirilmə halı da baş vermir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər ay üzrə pensiyalar müəyyən edilmiş qrafikə uyğun olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda ayın 8-15-i aralığında, ölkəmizin digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri 20-28-i aralığında ödənilir. Göründüyü kimi, hər ayın pensiya ödənişləri həmin ay daxilində həyata keçirilir və bu sahədə hər hansı gecikmə halı baş vermir”.
Qurumdan ödənişlər arasında olan fərq belə izah olunub:
“Ödəniş tarixləri arasında fərq sığorta daxilolmaları üzrə və pensiyaların kart hesablarına çatdırılması ilə bağlı maliyyə əməliyyatları sahəsində inzibatçılığın, texniki tələbat yükünə uyğun fəaliyyətin daha təkmil və şəffaf yerinə yetirilməsi məqsədilə prosesin mərhələli şəkildə icrası zərurətindən irəli gəlir”.
Zaira Akifqızı
Globalinfo.az