Paşinyanla Putinin telefon danışığı sərt tonda keçib – DETALLAR

Ermənistan Baş naziri Nikol Paşinyanın Vladimir Putinlə telefon danışığı haqda yeni detallar üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, Kreml və Ermənistan baş nazirinin mətbuat xidmətinin  yaydığı məlumatlarda fərqli məqamlar diqqət çəkib.

Rusiya prezidentinin mətbuat xidməti ənənəvi press-relizə yer versə də, rəsmi İrəvanın yaydığı məlumatda başqa nüanslar var. Belə ki, Paşinyan telefon danışığı zamanı Qarabağdakı son insidentə toxunub və Rusiya tərəfindən Azərbaycan istiqamətində ünvanlı reaksiyanın verilməsini istəyib. Putinin buna necə reaksiya verdiyi bəlli deyil.

Qeyd edək ki, Ermənistan bundan öncə də oxşar tələblərlə çıxış edib. Xüsusilə sentyabr hadisələrindən sonra Paşinyan bu ritorikadan yararlanmağa başlayaraq, KTMT-dən Azərbaycanı birbaşa ittiham edən açıqlama verməsini tələb edib. Təşkilatın belə bəyanatdan imtinası sonradan İrəvanın KTMT sammitinin yekun sənədini imzalamaması ilə nəticələnib. Bu isə Paşinyan üçün sərfəli imkan yaradıb. Moskvanı belə addımla sıxışdıran İrəvan sonrakı dönəmlərdə Kremlin Ermənistanda nüfuz itkisi yaşamasına səbəb olub.

Ermənistan baş nazirinin mətbuat xidmətinin son görüşlə bağlı yaydığı məlumata inansaq, o zaman Rusiya lideri ilə Paşinyanın telefon danışığının sərt tonda keçdiyini təxmin edə bilərik.

İlkin Həsənov
Globalinfo.az