Paşinyanın “təhdidlər balansı” doktrinası – Bakı üçün kritik məqam

Son vaxtlar Ermənistan-Rusiya münasibətləri gərgin müstəvidə davam edir. Ermənistan Baş naziri Nikol Paşinyanın rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılacağını deməsi onsuz da xaotik olan Moskva-İrəvan münasibətlərini daha çıxılmaz hala salıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Formunda Ermənistanla münasibətləri yenidən nəzərdən keçirəcəklərini demişdi:

“İrəvanın son addımlar onun xarici siyasət istiqamətinin 180 dərəcə dəyişdiyini göstərir. Bu, beynəlxalq münasibətlərdə “təhdidlər balansı” adlanan konsepsiyanı xatırladır. Yəni kiçik ölkələr özünə qarşı təhdidlərlə mübarizə aparmaq üçüm həmin təhdidi yaradan dövlətə rəqib olacaq başqa dövlətlə yaxınlaşma siyasətinə üstünlük verirlər. “Təhdidlər balansı” nəzəriyyəsi kiçik ölkələr üçün faciəvi sonluqlar baş verəcəyini proqnozlaşdırır.

Ermənistana ciddi müdaxilələr istisna deyil. Burada söhbət müxalifətin alovlandırılmasından tutmuş, iqtisadi rıçaqlardan istifadə, hakimiyyət dəyişikliyi kimi planların reallaşdırılmasından gedir”.

Politoloqun fikrincə, Nikol Paşinyanın hakimiyyətdən getməsi Azərbaycanın maraqlarına uyğun deyil:

“Paşinyan hər nə qədər destruktiv mövqe sərgiləsə də, Azərbaycana qarşı revanşist ritorikaya əl atmır, ərazi bütövlüyümüzün tanınması istiqamətində bəyanatlar verir və s. Ermənistan siyasi elitasında Nikol Paşinyan kimi adamlar yoxdur ki, bu qəbildən açıqlamalar versin. Onun hakimiyyətdən getməsi sülh prosesini yubadacaq”.

Safura Bənnayeva
Globalinfo.az