serkisyan pasinyan

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya kursu son illərdə sadəcə xarici siyasət istiqaməti olmaqdan çıxaraq, ölkənin gələcək təhlükəsizlik, iqtisadi və siyasi modelinə dair strateji seçimə çevrilib.

2025-ci ildə İrəvan Avropa İttifaqına üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib. Lakin bu sənəd Ermənistanın Aİ-yə rəsmi üzvlük müraciəti etməsi anlamına gəlmir. 2026-cı ilin avqustunda Baş nazir Nikol Paşinyan da bildirdi ki, ilk növbədə rəsmi müraciət edilməli, daha sonra Aİ tərəfindən cavab verilməli və bundan sonra müvafiq yol xəritəsi müəyyənləşdirilməlidir. Bu isə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin hələ başlanğıc mərhələsində olduğunu göstərir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, əslində, Ermənistanın Avropaya inteqrasiya siyasəti heç də Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə başlamayıb:

“Bu istiqamətdə əsas institusional baza 2017-ci ildə imzalanan və 2021-ci ildə qüvvəyə minən Aİ–Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişidir. Həmin sənəd keçmiş prezident Serj Sərkisyanın hakimiyyəti  dövründə imzalanmışdı. Ermənistan həmin dövrdə Avropa maliyyə institutları ilə əməkdaşlığı genişləndirmək, iqtisadi imkanlarını artırmaq və Aİ ilə münasibətləri dərinləşdirmək məqsədilə bu istiqamətdə addımlar atmışdı.

Lakin Sərkisyan hakimiyyətinin sona çatmasından sonra Ermənistanın xarici siyasət kursunda daha ciddi dəyişikliklər baş verdi. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Avropa istiqaməti daha ön plana çıxdı. 2017-ci ildə imzalanmış saziş isə 2021-ci ildə qüvvəyə mindi. Sənəd siyasi dialoqun inkişafını, demokratik institutların gücləndirilməsini, hüququn aliliyinin təmin edilməsini, iqtisadi islahatların aparılmasını və müxtəlif sahələrdə Ermənistanın Aİ standartlarına yaxınlaşmasını nəzərdə tutur.

Sonrakı mərhələdə Brüssel ilə İrəvan arasında münasibətlər daha da dərinləşdi. 2024-cü ildə Aİ ilə Ermənistan arasında vizaların liberallaşdırılması üzrə dialoq başladı. Bu proses çərçivəsində təhlükəsizlik, sərhəd və miqrasiya idarəçiliyi, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, fundamental hüquqlar və digər sahələr üzrə konkret tələblər müəyyənləşdirilib.

Ancaq vizaların liberallaşdırılması üzrə dialoqun başlanması avtomatik olaraq Ermənistan vətəndaşlarının Aİ ölkələrinə vizasız səfər edəcəyi anlamına gəlmir. Bunun üçün müəyyən edilmiş meyarların yerinə yetirilməsi və Aİ tərəfindən müvafiq qərarın qəbul edilməsi lazımdır”.

Politoloq bildirib ki, Paşinyan hökuməti Ermənistanın Rusiya iqtisadiyyatından və Moskva ilə mövcud əlaqələrindən asılılığını azaltmaq istiqamətində də addımlar atmağa başlayıb:

“Xüsusilə 2024-cü ildən sonra İrəvan Aİ ilə münasibətlərdə iqtisadi və institusional inteqrasiyanı daha çox ön plana çıxardı.

Avropa İttifaqının Ermənistan üzrə 2024–2027-ci illəri əhatə edən 270 milyon avroluq “Resilience and Growth” planı da bu siyasətin iqtisadi tərəfini göstərir. Plan çərçivəsində bağlantıların inkişafı, biznes mühitinin gücləndirilməsi, iqtisadi dayanıqlığın artırılması və Ermənistanın Avropa ilə daha sıx əlaqələndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

2025-ci ilin sonunda Aİ ilə Ermənistan arasında yeni Strateji Tərəfdaşlıq Gündəliyinin qəbul edilməsi, 2026-cı ilin mayında keçirilən ilk Aİ–Ermənistan sammiti isə münasibətlərin yeni mərhələyə keçdiyini göstərdi.

zeynal emreliyev 1

Lakin bütün bunlara baxmayaraq, Ermənistan hələ Avropa İttifaqına üzvlük prosesinin əsas mərhələlərindən olan danışıqlar mərhələsinə çatmayıb. İrəvan qarşıdakı dövrdə demokratik institutların, hüquq sisteminin, dövlət idarəçiliyinin, iqtisadi qanunvericiliyin və digər sahələrin Aİ standartlarına uyğunlaşdırılması istiqamətində ciddi islahatlar aparmalıdır. Bu isə qısa müddətdə başa çatacaq proses deyil və uzun zaman tələb edir.

Ermənistanın qarşısında yalnız iqtisadi və hüquqi məsələlər deyil, həm də təhlükəsizliklə bağlı ciddi suallar dayanır. Ukrayna nümunəsində təhlükəsizlik məsələləri, Gürcüstan nümunəsində qanunvericilik və demokratik institutlarla bağlı fikir ayrılıqları Aİ-yə inteqrasiya prosesinin nə qədər mürəkkəb olduğunu göstərib. Türkiyə nümunəsində isə uzun illər davam edən üzvlük prosesinin siyasi, institusional və digər səbəblərlə nəticələnmədiyi görünür”.

Politoloqun sözlərinə görə, Ermənistan məsələsində təhlükəsizlik amili xüsusilə önəmlidir:

Rusiya hərbi bazasının hələ də Ermənistan ərazisində yerləşməsi İrəvanın Moskva ilə münasibətlərindəki ziddiyyətləri daha mürəkkəb edir. Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxması istiqamətində mümkün addımlar isə Moskva ilə münasibətləri daha da gərginləşdirə bilər.

Belə bir şəraitdə Avropa İttifaqının Rusiya ilə ciddi geosiyasi problemləri olan Ermənistanı qısa müddətdə tamhüquqlu üzv kimi qəbul etməsi real görünmür. Aİ üçün Ermənistanla əməkdaşlığın genişləndirilməsi və üzvlük arasında ciddi fərq var. Brüssel İrəvanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirə bilər, lakin üzvlük məsələsində daha uzun və çoxsaylı şərtlərin yerinə yetirilməsini tələb edəcək.

Nəticə etibarilə, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu artıq siyasi bəyanatlardan daha geniş prosesə çevrilib. İrəvan Avropa standartlarına uyğunlaşmaq, iqtisadi əlaqələri genişləndirmək və Rusiyadan asılılığı azaltmaq istiqamətində müəyyən addımlar atır. Lakin Aİ-yə tam üzvlük hələ uzun və mürəkkəb yolun başlanğıcındadır.

Ermənistan üçün əsas məsələ Avropaya siyasi istək nümayiş etdirmək deyil, bu istəyin arxasında dayanan institusional, hüquqi, iqtisadi və təhlükəsizlik şərtlərini yerinə yetirməkdir. Bu baxımdan İrəvanın qarşısında hələ çoxsaylı maneələr var. Yəni Ermənistan Avropaya doğru addımlayır, amma bu yol gözlənildiyindən daha uzun və mürəkkəb görünür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: