“Çiçəklənən Ermənistan” partiyasının qarşıdan gələn parlament seçkilərində “Moldova ssenarisi” tətbiq ediləcəyi halda ehtiyat “B planı” mövcuddur.
Globalinfo.az xəbər verir ki, bunu partiyanın deputatlığa namizədi Suren Surenyants seçicilərlə görüşdə deyib.
Surenyants bildirib ki, hakimiyyətin ən böyük səhvi üç aparıcı müxalif qüvvəni “bir səbətə yığaraq” onları “üçbaşlı müharibə partiyası” kimi təqdim etməsidir.
“Nikol Paşinyan çox yaxşı bilir ki, bu üç müxalif qüvvə bir-birindən ciddi şəkildə fərqlənir. Lakin reytinqinin aşağı düşməsindən narahat olan hakimiyyət bu addımı ilə əslində rəqiblərinin mövqelərini gücləndirib. İndi Paşinyanı Moldovadakı ssenarini tətbiq etməyə və bizi süzgəcdən keçirməyə sövq edirlər”, — Surenyants bildirib.
Onun sözlərinə görə, əgər “Çiçəklənən Ermənistan” siyasi mübarizədən kənarlaşdırılsa belə, partiyanın elektoratının heç bir səsi itib-batmayacaq. Çünki bu seçicilər kifayət qədər motivasiyalıdır. Surenyantsın hesablamalarına görə, bir müddət əvvəl 40-50 minə yaxın tərəddüd edən seçici var idisə, indi onların böyük hissəsi qərarını verib və səsvermədə iştirak etməyə hazırlaşır.
O hesab edir ki, hakimiyyət bunun əksinə olaraq seçkilərdə iştirak səviyyəsinin aşağı düşməsi üçün mümkün olan hər şeyi edir.
Əliyar Xəlil