Pasinyan gulus 2

Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 18-də Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya gedəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joghovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, səfər artıq rəsmi şəkildə təsdiqlənib.

“Mükafatı Ermənistanın baş nazirinə Hessen parlamentinin sədri Astrid Vahmann təqdim edəcək. Təltif nitqini isə Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Serap Güler söyləyəcək.

Rəsmi proqrama əsasən, Paşinyan mükafatlandırma mərasimindən əvvəl – saat 10:45-də Hessen parlamentinin fəxri qonaqlar kitabına qeyd yazacaq.

Daha sonra onun Almaniyadakı səfəri davam edəcək. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın müşayiəti ilə Paşinyan bir sıra tədbirlərdə iştirak edəcək”.

Nəşr yazıb ki, Hessen Sülh Mükafatı Paşinyana Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə, Ermənistanda demokratik institutların inkişafına və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma siyasətinə görə verilir.

“Mükafatla yanaşı, Paşinyana 25 min avro məbləğində pul da təqdim olunacaq.  Almaniya tərəfi rəsmi əsaslandırmasında Paşinyanın sülh siyasəti çərçivəsində Azərbaycanla aparılan prosesi də xüsusi vurğulayır”.

Bildirilib ki, sözügedən mükafat 1994-cü ildən etibarən Albert-Osswald Fondunun təşəbbüsü ilə müharibələrin, zorakılığın və münaqişələrin qarşısının alınmasına, eləcə də sülhün bərqərar olmasına töhfə verən şəxslərə təqdim edilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: