“Paşinyan öz variantını seçdi: Bakıya başqa yol qalmadı”

“Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqlarında irəliləyiş əldə olunmadı. Demək olar ki, sülh müqaviləsinin bağlanması istiqamətində Brüssel formatı və Vaşinqton gündəliyi əsasında aparılan danışıqlar müstəvisinin əksinə olaraq N.Paşinyan Rusiyanın irəli sürdüyü təklifləri qəbul etdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, N.Paşinyan Soçi Bəyannaməsini də qəbul etməyərək,  şifahi olaraq Moskvanın irəli sürdüyü həll variantına üstünlük verdiyini elan edib:

“Halbuki Rusiyanın vasitəçiliyi ilə Soçi Bəyannaməsinin şərtlərini yerinə yetirməlidir. Əgər Soçi Bəyannaməsinin şərtlərini yerinə yetirərsə, sülh danışıqlarında mühüm irəliləyişlər əldə etmək olar. Amma Kreml imza atdığı sənədin reallaşmasına imkan vermir.

Qərb və Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində rəqabət aparır. Əslində isə Rusiya sülh müqaviləsinin bağlanmamasına çalışır”.

Politoloq qeyd edib ki, Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlaya bilər:

“Çünki qanunsuz silahlı erməni birləşmələrinin atəşkəsi mütəmadi olaraq pozması halı davam edir. Bundan sonra Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində intensiv danışıqlar aparılacaq və bu proseslər Qərbin nəzarətində həyata keçirilə bilər”.

Turan Rzayev
Globalinfo.az