Erməni valideynlər Paşinyana hücum etdi: Kilsə isə Moskvadan tapşırıq aldı (VİDEO)

 

Ermənistanda Paşinyan administrasiyasına qarşı etirazlar bir qədər də artıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə ordu günü münasibəti ilə erməni hərbçilərinin məzarını ziyarət edən hakimiyyət nümayəndələri II Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynlərinin təhqirlərinə məruz qalıblar. Bənzər insident Nikol Paşinyanın ziyarəti zamanı da yaşanıb. Belə ki hərbçilərin valideynləri Paşinyanı “ermənilərin qatili”, “satqın”, “türk” şüarları ilə qarşılayıblar.

Paşinyandan sonra əsgər məzarlığını ziyarət edən müdafiə naziri Suren Papikyan da oxşar formada hərbçilərin valideynləri tərəfindən təhqir edilib. Bununla əlaqədar olaraq məzarlığın içində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb və bölgəyə çoxlu sayda polis bölmələri yerləşdirilib.

Digər tərəfdən isə ordu günü ilə əlaqədar olaraq hakimiyyət nümayəndələri səssiz qalmağa üstünlük veriblər. İqtidarın adından yalnız parlamentin spikeri Alen Simonyan təbrik ünvanlayıb. Bununla belə, Simonyanın təbrikində bir sıra ziddiyətli məqamların olması da ermənilərdə narazılığa səbəb olub. Xüsusilə Simonyanın Qarabağ ifadəsinə, ümumiyyətlə, yer verməməsi və Ermənistanın yalnız öz sərhədlərinin müdafiəsini gücləndirməsi gərəkdiyini deməsi, İrəvanın Bakı ilə sülh razılaşmasına hazırlaşması ilə bağlı iddiaları da gücləndirib.

Ordu günü ilə bağlı yaranmış fürsətdən müxalifət də istifadə etməyə başlayıb. Paşinyana qarşı hücumlarını gücləndirən müxalifət nümayəndələri onu istefaya səsləyiblər. Xüsusilə, son zamanlar itirdiyi nüfuzunu bərpa etməyə çalışan Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan müraciət ünvanlayaraq, Paşinyanı istefaya səsləyib:

“Məğlubiyyəti qələbə sayan əxlaqsız qorxaq tərəfindən idarə olunan dövlət istənilən uğursuzluğa düçar olmağa məhkumdur. Qalib ordu istəyiriksə, ölkəni və ordunu özbaşınalığa məhkum edən zəif xarakterli, əxlaqsız rəhbərlərdən xilas olmalıyıq”.

Rusiya ilə gərginlik fonundan aktivliyini artıran Erməni Apostol Kilsəsinin katalikosu II Qaregin də mövcud situasiya ilə əlaqədar olaraq dolayısı yolla yenidən Paşinyanı hədəf alan açıqlamalarla çıxış edib. Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılan II Qaregin niyə Paşinyanla bağlı qəti mövqeyini ifadə etməməsi hələlik sual olaraq qalır. Bununla belə son sorğular Qareginin aktivliyindən sonrakı dönəmdə Ermənistan hakimiyyətinin nüfuzunun bir qədər də azaldığını göstərir. Ekspertlər isə bu situasiyanın Moskvaya sərf etdiyini, ona görə də son bir ayda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin II Qareginlə görüşlərini artırdığını iddia edirlər. Bu rıçağın isə növbəti mərhələdə Kreml tərəfindən tam aktiv şəkildə istifadə olunacağı güman olunur.

Turan Rzayev
Globalinfo.az