Parlamentin iclasında Gədəbəy hadisələri müzakirə edildi

“Bir həftə öncə Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki bu təxribat təsadüfi deyil”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, biz Avropa Şurası Parlament Assambleyasında erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə edirdik: “Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Biz Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının ermənipərəst rəhbəri Natali Luazo ilə görüşmək istəyən zaman o bizi qəbul etməmişdi”.

Sədr Sahibə Qafarova isə deyib ki, Natali Luazonun davranışına anında reaksiya verilməli idi: “Gərək elə o görüşmək istəməyən zaman siz bu barədə xəbəri “Tvitter”ə qoyardınız. O, Avropa Parlamentinin deputatıdır, siz də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrsiniz”.

Deputat Elman Nəsirov da bildirib ki, Gədəbəyin Söyüdlü kəndində baş verənlər birdən-birə olmayıb: “Heç nə birdən birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur. Azərbaycan polisi öz vəzifəsini icra edib. Bu zaman bir nəfər polis qaydanı pozub, o da cəzalandırılacaq. DİN bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın”.

X X X

“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Söyüdlüdə camaatı küçəyə çıxaran da, polisə qaz sıxdıran da eyni əldir: “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media da FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını Söyüdlüyə göndərən əli tapmaq lazımdır”.

Deputat Gədəbəy İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədrini də tənqid edib: “Onlar niyə hiss etməyib ki, Gədəbəydə belə təxribat hazırlanır?! Niyə gedib vətəndaşlarla işləməyiblər? Necə olur ki, iki nəfər Rusiyadan gəlib o aksiyanı planlaşdırıb? İcra Hakimiyyətinin işçiləri hara baxırdı?! Hazırda Azərbaycanda polisi nüfuzdan salmağa çalışırlar. Bu yolverilməzdir. Polis ölkənin onurğa sütunudur”.

X X X

“Bəzi əqidəsiz trol dəstələrinin və özünü müstəqil adlandıran kütləvi informasiya vasitələrinin fəaliyyəti araşdırılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, bu şəxslər heç vaxt nə Söyüdlü sakinlərini, nə Azərbaycanı düşünüb: “Baş vermiş insidentin dövlətə qarşı böyük aksiyaya çevrilməsinin qarşısı alınıb. Komissiya işləyir və nəticə ilə bağlı müvafiq məlumat veriləcək”.

X X X

103 saylı Gədəbəy Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova Söyüldü kəndində baş verənlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Sevinc Hüseynova parlamentin bugünkü iclasında deyib ki, hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır: “İlkin məlumatlar olsa da, nəticəni gözləməliyik.

Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətənə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməyi ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı qoca qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”.

Deputat bu hadisənin necə yarandığına da münasibət bildirib: “Bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır. Ucqar kənddə bu hadisənin baş verməsinin arxasında təbii ki, kimlərsə dayanır. Lakin bu qüvvələrin niyyəti gözündə qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq-mühafizəsi orqanları, həm də Komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər də öz layiqli cəzasını alacaq”.

X X X

Bir polisin köntöy hərəkəti bütün polislərə aid edilməməlidir.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər: “Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar. Onlar bununla dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar”.

X X X

“Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır. Dövlətin də əsas funksiyası onu qanun çərçivəsində həll etmək və yoluna qoymaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O söyləyib ki, həmin hadisədən istifadə edib öz məkrli niyyətlərini həyata keçirməyə çalışan şəxslər və dairələr var.