Parlament taksilərlə bağlı layihəni qəbul etdi – YENİLƏNİB

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə hərəkətin sürətinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq mümkün olacaq.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə deyilir ki, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın.

Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

***12:08

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Daha sonra “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ətrafında deputatlar çıxış edəcəklər.