Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycanda idarəetmə sisteminin dəyişdirilməsi və yeni konstitusiyanın qəbul olunması ilə bağlı təkliflər irəli sürüb. O, parlamentli respublika modelinə keçidin daha məqsədəuyğun olduğunu bildirib, eyni zamanda, seçki sistemi və yerli idarəetmə sahəsində islahatların vacibliyini vurğulayıb.
Qüdrət Həsənquliyevin səsləndirdiyi parlamentli respublika modeli və konstitusiya dəyişiklikləri Azərbaycan üçün nə vəd edir? Bu cür islahatların üstünlükləri və mümkün riskləri nələrdir? Hazırkı şərtlər bu modelə keçmək mümkün görünürmü?
Globalinfo.az-a danışan politoloq Fikrət Sadıqov deyib ki, dünyada müxtəlif siyasi idarəetmə modelləri mövcuddur:
“Əsas idarəetmə formaları isə prezident üsul-idarəsi və parlament respublikası modelidir. Düşünmürəm ki, hazırkı mərhələdə konstitusiyaya dəyişikliklər edilərək Azərbaycanın dərhal parlament respublikası modelinə keçməsi məqsədəuyğun olardı. Təbii ki, belə təkliflərlə çıxış edənlər ola bilər, bu mövqeni əsaslandırmağa çalışan siyasi dairələr də mövcuddur. Lakin əmin deyiləm ki, bu dəyişiklik nə bu gün, nə də yaxın perspektivdə ölkəmiz üçün zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısı prezidentdir. Müəyyən müddətdən sonra növbəti seçkilər keçiriləcək və hər seçki kampaniyası kimi, bu proses də müxtəlif siyasi qüvvələr tərəfindən fərqli qiymətləndiriləcək. Seçkilərin nəticələri bəziləri tərəfindən qəbul ediləcək, bəziləri tərəfindən isə tənqid olunacaq. Ancaq eyni vəziyyət parlament seçkiləri zamanı da yaşana bilər”.
Fikrət Sadıqov
Politoloqun fikrincə, parlament üsul-idarəsinə keçid heç də bütün problemlərin avtomatik həll olunacağı və ya bütün siyasi qüvvələrin nəticələri birmənalı şəkildə qəbul edəcəyi anlamına gəlmir:
“Bu məsələyə yanaşarkən dünya siyasətində və regionumuzda baş verən prosesləri də nəzərə almaq lazımdır. Hazırda beynəlxalq münasibətlər sistemi kifayət qədər mürəkkəb mərhələdən keçir. Dünyanın müxtəlif bölgələrində münaqişələr davam edir, onların ağır nəticələri hər gün müşahidə olunur. Regionumuzda da təhlükəsizlik məsələləri aktuallığını qoruyur. Belə bir şəraitdə mənə elə gəlir ki, prezident üsul-idarəsi Azərbaycan üçün daha uyğun və daha səmərəli model olaraq qalır. Bu sistem qərarların daha operativ qəbul edilməsinə və dövlət idarəçiliyində vahid məsuliyyət mexanizminin formalaşmasına imkan verir. Əlbəttə, bu mövzu ilə bağlı fərqli baxışlar və müxtəlif mövqelər mövcuddur və bu, tamamilə təbiidir. Lakin hesab edirəm ki, hazırkı mərhələdə və yaxın gələcəkdə prezident üsul-idarəsinin qorunub saxlanılması daha məqsədəuyğundur. Çünki ölkə qarşısında duran bir sıra vacib məsələlərin həlli və əldə olunan müsbət nəticələrin davamlılığı müəyyən mənada məhz bu idarəetmə modelinin effektivliyindən asılıdır”.
AĞ Partiya sədri Tural Abbaslı isə konstitusiya islahatlarının tərəfdarı olduğunu qeyd edib:
“Hesab edirəm ki, həm konstitusiyada, həm də dövlət idarəetmə sistemində müəyyən dəyişikliklər edilməlidir. Müasir siyasi çağırışlara və reallıqlara uyğun olaraq istər qanunvericilik, istərsə də idarəetmə sahəsində yeni addımların atılmasına ehtiyac var. Amma dövlətin parlament respublikası modelinə keçməsi məsələsində mənim mövqeyim bir qədər fərqlidir. Bu məsələdə Qüdrət bəydən fərqli düşünürəm. Hesab edirəm ki, Azərbaycan kimi mürəkkəb geosiyasi bölgədə yerləşən bir ölkənin birbaşa parlament respublikası idarəetmə sisteminə keçməsi gələcəkdə idarəetmədə müəyyən xaos və qeyri-sabitlik yarada bilər. Bu baxımdan prezident üsul-idarəsinin saxlanılması daha məqsədəuyğundur”.
Partiya sədrinin fikrincə, parlamentin səlahiyyətlərinin indiki vəziyyətlə müqayisədə daha geniş olması vacibdir:
“Gücləndirilmiş parlamentə malik prezident üsul-idarəsini daha uyğun model hesab edirəm. Çünki dövlət idarəçiliyində əsas prinsiplərdən biri hakimiyyət bölgüsüdür və bu bölgü çərçivəsində güc balansı qorunmalıdır. Bildiyiniz kimi, hakimiyyətin üç qolu mövcuddur: qanunverici hakimiyyəti parlament, icra hakimiyyətini prezident və hökumət strukturları, məhkəmə hakimiyyətini isə məhkəmələr təmsil edir. Bu üç hakimiyyət qolu arasında səlahiyyət bölgüsü balanslı şəkildə qurulmalıdır. Əgər parlament həddindən artıq üstün mövqeyə sahib olarsa, icra hakimiyyətinin fəaliyyətində problemlər yarana bilər. Eyni zamanda icra hakimiyyəti həddindən artıq güclənərsə, qanunverici hakimiyyətin funksiyalarının effektivliyi zəifləyə bilər. Buna görə də mən güclü parlamentə malik prezident üsul-idarəsinin tərəfdarıyam”.
Tural Abbaslı
İslahatlara gəlincə, Tural Abbaslı ilk növbədə konstitusiyada parlamentin say tərkibinin artırılmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb:
“Eyni zamanda proporsional seçki sisteminin bərpası vacibdir. Bundan əlavə, siyasi partiyaların dövlət idarəçiliyində iştirakını təmin edən mexanizmlərin formalaşdırılmasının tərəfdarıyam. Hesab edirəm ki, bu yanaşma hakimiyyətin həddindən artıq mərkəzləşməsinin və zamanla avtoritar meyillərin güclənməsinin qarşısını ala biləcək mühüm vasitələrdən biridir. Parlament gücləndirildikdə və proporsional seçki sistemi tətbiq olunduqda siyasi partiyaların dövlət idarəçiliyində rolu artacaq. Bu isə siyasətlə təsadüfi şəxslərin deyil, uzun illər siyasi fəaliyyətlə məşğul olan, təcrübə qazanmış insanların məşğul olmasına şərait yaradacaq. Bu baxımdan mən islahatların tərəfdarıyam və hesab edirəm ki, həm konstitusiyada, həm də seçki sistemində dəyişikliklər qaçılmazdır”.
T.Abbaslı deyib ki, seçki qanunvericiliyində son illərdə müəyyən dəyişikliklər edilsə də, hələ də müzakirə olunmalı və təkmilləşdirilməli məqamlar qalır:
“Ümumilikdə isə Qüdrət bəyin qaldırdığı məsələlərin əhəmiyyətli hissəsini dəstəkləyirəm. Hesab edirəm ki, dövlət idarəçiliyində dövrün tələblərinə uyğun olaraq vaxtaşırı islahatların aparılması və yeniliklərin tətbiqi zəruridir”.
Zaira Akifqızı
Globalinfo.az