Parlament media ilə bağlı yenilikləri təsdiqlədi

Milli Məclis (MM) Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsini III oxunuşda qəbul edib.

Globalinfo.az bildirir ki, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

X X X

Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsini qəbul edib.

Globalinfo.az bildirir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

X X X

Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub.

Globalinfo.az bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.