Bakıda parklama ilə bağlı maraqlı təklif: Hər sürücü 100 manat…

Bir çoxu düşünürdü ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan parklanma məntəqələrinin yenidən qurularaq fəaliyyətə başlaması bu sahədə illərdir mövcud olan problemləri aradan qaldıracaq. Lakin gözlənilən baş vermədi. Bundan başqa, sürücülər “parkovşik”lərdən xilas olduqlarını düşünsələr də, bu dəfə avtomobili park etmək üçün daha çox pul ödəməli olacaqlar. Əksəriyyət təklif edir ki, parklama üçün illik bəlli bir məbləğ ödənilsin, bununla da məsələ həll edilsin. Daha hər dayanacaqda sürücülərin pul ödəmək kimi qayğısı olmasın.

Bakı və Abşeronda 1 milyon maşının olduğu deyilir. Hər sürücü il ərzində 100 manat ödəsə, bu, ildə 100 milyon manat edir.

Maraqlıdır, mütəxəssislər və AYNA bu təklifə necə baxır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı alim Fikrət Yusifov deyib ki, avtomobil dayanacağından il ərzində istifadə etmək üçün ildə bir dəfə bəlli məbləğ ödəmək kimi yanaşma düzgün sayıla bilməz.

Onun sözlərinə görə, dünyada bəlli təcrübə var, biz də o təcrübədən yararlanmalıyıq:

“Parklama yerlərində indiki “pulyığan” adamları xüsusi parklama aparatları əvəz etməlidir. Bəli, kimlərsə istəyinə uyğun olaraq illik abunə haqqı ödəməklə özü üçün məsələni belə həll edə bilər. Lakin bu o demək deyil ki, avtomobili olan bütün vətəndaşlar eyni şəkildə illik abunə haqqı ödəməlidirlər. Bu fikri əsaslandıran bir neçə şərtlər mövcuddur. Əvvəla, bütün avtomobil sahibləri il boyu eyni sayda parklamadan istifadə etmirlər. Elə sürücü var ki, bir gündə şəhərin müxtəlif ərazilərində 3-4 dəfə parklamadan yararlanır, elə sürücülər də var ki, onlara parklama həftədə bir-iki dəfə lazım olur. Təbii ki, belə olan halda birinci qrup sürücülərə illik abunə bileti almaq daha sərfəli olacaq. Həmin sürücülər parklama üçün illik abunə bileti almaqla, parklama haqqını ödəməyin daha sərfəli variantdan istifadə etmiş olacaqlar. Digər sürücülər isə hər parklama zamanı ödənişi yerində həyata keçirməklə daha az vəsait xərc etmiş olarlar. Yəni bu variant da onlar üçün daha sərfəli olmuş olacaq”.

Fikrət Yusifov

Sabiq nazir deyib ki, bütün hallarda parklama üçün ödənişlərin hər iki variantının dövriyyəyə buraxılması ən doğru seçim ola bilər.

AYNA-dan bildirilib ki, ödənişli küçə parklanma yerlərinin təşkili gəlir götürülməsi məqsədi daşımır:

“Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Həmçinin yol təhlükəsizliyinin artırılması, avtomobil nəqliyyatının və onun ətraf mühitə mənfi təsirinin azaldılmasıdır. İndiki mərhələdə ödənişlər parklanma məntəqəsindən hər istifadəyə görə müəyyən edilir. Parklanma yerlərinin əvvəlcədən bron edilməsi və buna görə ödəniş nəzərdə tutulmur”.

Qurumdan verilən məlumata görə, parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır, küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır:

“Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir”.

Zaira Akifqızı
Globalinfo.az